• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

Ermənilər işğal etdikləri ərazilərimizdə ekoloji genosid həyata keçirib 

MEDİA

26 Noyabr 2021 | 17:28

Ermənilər işğal etdikləri ərazilərimizdə ekoloji genosid həyata keçirib 

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti ölkəmizin təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur və ətraf mühitin korlanması ilə nəticələnən ciddi fəsadlara gətirib çıxarıb.

Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub,  torpaq sahələrini deqradasiyaya məruz qoyub. Qarabağda təbii ehtiyatlardan birincisi Kəlbəcərin Ermənistanla sərhəd bölgələrində, Ağdərə və Zəngilanda olan qızıl yataqları talan olunub. 

Ekoloji problemlər hazırda dünyada qlobal məsələ kimi müzakirə olunur və həyəcan təbili çalınır. Ancaq beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyanın qarşısını almaq üçün nəinki ciddi əməli işlər görmür, əksinə, buna göz yumurlar. BMT Baş Məclisinin 60-cı sessiyasında Azərbaycan ərazilərindəki vəziyyət müzakirəyə çıxarılıb. Həmin sessiyada işğal olunmuş ərazilərdə ermənilərin Azərbaycanın təbiətinə vurduqları ziyanla, yanğınların törədilməsi ilə bağlı ciddi narahatlıqlar diqqətə çatdırılıb. Daha sonra əraziyə ATƏT-in qiymətləndirmə missiyası göndərilib. Yaradılmış xüsusi komissiya yanğınların törədildiyi ərazilərdə olub və hesabat hazırlanaraq BMT-yə təqdim edilib. Hələ ki, ciddi bir nəticəsi yoxdur. 

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib, Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng Su Anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi... Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpa olunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir”.

Ermənilərin və xarici şirkətlərin işğal altında olmuş ərazilərimizdəki meşə, çay, təbii sərvətlər, mədəni obyektlərə verdikləri ziyana görə cavab vermələrini, beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edən ölkə başçısı İlham Əliyev deyib: “Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər. Buna biz start verdik, tanınmış beynəlxalq hüquq şirkətlərini dəvət etdik və indi məhkəmə işləri hazırlanır...” 

Prezident qeyd edib ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib.

“30 illik işğal dövründə Ermənistan, Qarabağın yaşayış məskənlərini, tarixi-mədəni, memarlıq, dini abidələrini darmadağın etmiş və təbiətinə, ekologiyasına da ciddi zərər vurub”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Qarabağın meşələri vəhşicəsinə doğranaraq Ermənistana daşınmış, Kəlbəcərin, Zəngilanın qızıl, mis-molibden yataqları beynəlxalq hüququn norma və prinsipləri kobudcasına  pozulmaqla, xarici şirkətlər tərəfindən istismar olunub: “Sənaye prosesində yaranmış zəhərli tullantılar, ağır metallar təbii su hövzələrinə axıdılıb. Nəticədə, Kür, Araz, Oxçuçay və digər su ehtiyatları həddindən artıq çirkləndiyindən istifadəyə yararsız hala düşüb.

Su anbarlarından kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün lazım olan yay mövsümündə deyil, əksinə zərurət olmayan qış aylarında suyun verilməsi də, aqrar sektorun inkişafına ziyan vurub. Sözün əsil mənasında ölkəmizə, ətraf mühitə qarşı ekoloji terror həyata keçirilib”.

N.Məhəməliyev qeyd edib ki, törətdikləri ekoloji və iqtisadi cinayətlərə görə Ermənistan tərəfi cavab verməlidir: “Bu barədə Prezident İlham Əliyev qətiyyətlə öz mövqeyini bildirmişdir. Mənim məlumatıma görə, beynəlxalq ekspertlərdən ibarət komissiya dəymiş ziyanın miqyası ilə bağlı hesablamalar aparır. Toplanmış materiallar beynəlxalq qiymətləndiricilər assosiyası tərəfindən qiymətləndirildikdən sonra məhkəmədə mübahisələndiriləcək və Ermənistandan kompessasiya tələb olunacaqdır.

Düşünürəm ki, bu istiqamətdə Azərbaycan hökumətinin aidiyyəti qurumları tərəfindən lazımi addımlar atılır və işğalçılar mütləq şəkildə layiq olduqları cəzanı alacaqlar”.

Qeyd edək ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə erməni talançılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə tədbirlərin görülməsinin zəruriliyini çatdırıb. Lakin Ermənistan bütün bunlara məhəl qoymadan Azərbaycanın işğal altındakı ərazilərində ekoloji terroru davam etdirib. 

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


SON XƏBƏRLƏR

26 Yanvar 2022