• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

İran, uran və İsrail... - ŞƏRH

CƏMİYYƏT

29 Noyabr 2021 | 12:46

İran, uran və İsrail... - ŞƏRH

Ötən həftə “Mossad”ın keçmiş rəhbəri Yosi Koen ölkəsinin milli təhlükəsizliyinə həsr olunmuş konfransda çıxış edərkən bilidirib ki, 2018-ci ildə Tramp hökuməti İranla nüvə razılaşmasından çıxdıqdan sonra İran uranın zənginləşdirilməsi işində xeyli irəliləyib.

O zaman “Mossad”ın İranın gizli “nüvə arxivini” oğurladığı və ABŞ-a ondan təkzibolunmaz sübutlar təqdim elədiyi, Trampın da məhz bundan sonra sözügedən beynəlxalq sazişdən çıxmaq qərarı verdiyi deyilirdi.

Saziş imzalanan vaxt İsrailin müdafiə naziri olmuş Moşe Yaalon isə elə həmin konfransdaca söyləyib ki, o əvvəldən sazişin əleyhinə olsa da, ABŞ-ın – İsrailin o illərdəki baş naziri Netanyahunun öz amerikalı həmkarı Trampı fitləməsi ilə – razılaşmadan çıxmasını İranla bağlı siyasətdə “son onillikdə buraxılmış ən böyük səhv” hesab edir.

İsrail ordusunun keçmiş qərargah rəisi general Ayzenkot sabiq rəisindən iki gün sonra başqa bir konfransda bənzər fikir səsləndirib.

Netanyahu hökumətinin kəşfiyyat və hərbi rəhbərlərinin gecikmiş etirafları, görünür, səbəbsiz deyil. Onların kabineti o vaxt Trampın qərarını özünün İran üzərində böyük geopolitik qələbəsi kimi bayram edirdi, lakin indi həmin şəxslər başqa hava çalır. Özü də həyəcan təbilində. Çünki əllərində olan məlumatlar həqiqətən İsrail üçün xoşagələn deyil: İran hərbi nüvə imkanlarına ABŞ nüvə sazişindən çıxan gündəkindən daha yaxındır; sadəcə olaraq, həmin məşum gün İranın əl-qolunu açıb.  

Bu isə o deməkdir ki, Netanyahu-Tramp qurğusu, ola bilər, taktiki cəhətdən uğur gətirib, lakin strateji baxımdan, böyük ehtimalla, uğursuzluğa düçar olub.

Tərs kimi, bir neçə gün qabaq MAQATE hesabat açıqlayıb və orada deyilir ki, İran artıq 25 kiloqram 93 faizə qədər zənginləşdirilmiş uran düzəltmək üçün materiala malikdir.

Mütəxəssislərin fikrincə, bu, üç həftəyə – ilk, iki aya – ikinci, üç ay yarıma – üçüncü, yarım ilə – dördüncü atom bombası qayırmağa kifayət edir.

Lakin elə həmin mütəxəssislər söyləyirlər ki, zənginləşdirilmiş uranın varlığı hələ birinci şərtdir. Sonrakı mərhələdə nüvə qurğularını yığmaq, partlayıcı düzəltmək, nüvə başlıqlarını raketlərə quraşdırmaq üçün avadanlıqlar hazırlamaq lazımdır. İsrail və Qərb kəşfiyyatçıları əmindirlər ki, bütün bu mühəndis işlərinə İranın daha il yarım vaxtı gedəcək. Bundan başqa, İran nüvə sınağı keçirmək haqda da düşünməlidir.

Hər şeyə rəğmən, İsrail analitikləri Qərbin, xüsusilə ABŞ-ın, Bayden hökumətinin İrandan gələn təhlükəni düzgün qiymətləndirmədiyini düşünürlər. Onların fikrincə, məsələnin hərbi həlli ilə bağlı həm ABŞ, həm İsrail hərbi-siyasi dairələrinin tərəddüdləri sonda, özü də tezliklə İranı atom bombasının həndəvərinə gətirib çıxaracaq və o istədiyi vaxtda bu silahı əldə edəcək.

Əslində İranın da istədiyi, belə anlaşılır ki, mollaların kütləvi qırğın silahı kimi haramlığına fətva verdikləri atom bombasına olmazsa olmaz malik olmaq yox, onu – son zərurət halı üçün! – qısa müddətdə düzəltmək potensialına malik olmaqdır.

Bu imkanı belə İrana çox görən və özünə görə haqlı olaraq çox görən İsrailin düşünən başları ölkələrinin hərbi və kəşfiyyat rəhbərlərini İran probleminin qeyri-standart həll yollarını axtarıb tapmağa çağırırlar: “Yoxsa, İsrail bu gedişlə İranın xoş məramından asılı vəziyyətə düşəcək!”

Gələn həftə İranla “altılıq” ölkələri arasında Vyanada bərpa olunacaq danışıqlar ərəfəsində bu çağırış İsrail və dünya mediasında daha bərk səslənir.

Seymur Şahbaz-zadə

Bakıvaxtı.az

 


SON XƏBƏRLƏR

26 Yanvar 2022