• Bakı C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9212

    RUB - 0.0216

"Kişi ağlamaz, yoldaşını qucaqlamaz! Buna görə kişilər tez ölür" - Elmir Əkbərlə MÜSAHİBƏ

CƏMİYYƏT

29 Noyabr 2021 | 14:21

Kişi ağlamaz, yoldaşını qucaqlamaz! Buna görə kişilər tez ölür - Elmir Əkbərlə MÜSAHİBƏ

Azərbaycanda son 1-2 il ərzində baş verən, demək olar, bütün pis hadisələrin arxasında psixoloji problemlər dayanır. Budəfəki müsahibəmiz də məhz bu problemlərlə bağlıdır.

Mövzu ilə bağlı psixoloq, psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a danışıb:

- Son zamanlar cəmiyyətdə psixologiyaya maraq artıb, sizcə bu marağın səbəbi nədir?

- Ümumiyyətlə, əvvəllər cəmiyyət psixoloji problemlərinin olduğundan xəbərdar deyildi. Amma indi cəmiyyətimiz inkişaf edir, insanların maarif və dünyagörüşü artır, başa düşürlər ki, əvvəllər bədbəxtlik hesab etdikləri bir sıra şeylər həll edilməsi mümkün psixoloji problemlər imiş. Ona görə də, psixologiyaya maraqları artır, psixoloji kitablar oxuyurlar, öz durumlarını qiymətləndirirlər, həkim psixoterapevtin və ya klinik psixoloqun yanına konsultasiyaya gedirlər. Bu, maarifçiliyin artmağı ilə bağlıdır.

- Bəs bu marağın artması bir tərəfdən də pis hal deyilmi?! Məsələn, təhsilsiz “psixoloq”lar çoxalıb

- Əvvəllər platin dəyərli metal deyildi, dəyərli olduğu bilinəndən sonra onun saxtası yarandı. Bir şey dəyərə minəndə onun saxtası da yaranmağa başlayır. Bu gün Azərbaycandakı psixoloqların 80%-i , özünü psixoterapevt adlandıranların da 99%-i dələduzdur. Çünki bu ixtisas üçün adamın diplomu olmalıdır və diplomunda bu insana həkim psixoterapevt ixtisasının verildiyi yazılmalıdır. Bu diplom da hər hansı əldəqayırma yerdən yox, dünyaşöhrətli universitet, inistitut tərəfindən verilməlidir. Diplomu, təhsili olmayan insanların bu işə göz qoyması dələduzluq, fırıldaqçılıq və cinayət sayılır. Çünki bəzi insanların maklerlik, dəllallıq, tamadalıq emək qabiliyyəti var. Onlar bu işləri psixologiya ilə səhv salırlar. Yəni psixoloji seans, ələlxüsus, psixoterapiya seansı adi söhbət deyil, xüsusi texnikadır. Onu öyrənmək üçün illərlə təhsil alırıq. Mən altı il Tibb Universiteti oxumuşam. Universitetdən sonra bir internatura keçib psixiatr ixtisası almışam. Ondan sonra bir internatura da keçib psixoterapevt ixtisası almışam. Ardından böyük bir klinik psixologiya təhsili almışam. Daha sonra yenidən psixoanaliz üzrə təhsil almışam. Digər həkimlər bir ixtisas üzrə təhsil aldığı halda biz dörd dəfə ixtisaslaşırıq. Yəni bunlardan sonra insan mütəxəssis ola bilər. İki ay kurs keçib özünə mütəxəssis deyənlərin danışdığı şeyləri internetdən, vikipediyadan da öyrənmək olar.

- Son dövrlərdə insanlarda ən çox rast gəldiyiniz psixoloji xəstəlik hansıdır?

- Son dövrdə, təbii ki, ən çox təşviş, həyacan pozuntuları, panik atak, depressiya, obsessiv kompulsiv pozuntular (qəribə vərdişlər, tez-tez əl yumaq, idarə olunmayan fikirlər, qorxular) və bu kimi problemlər artıb. Bunun obyektiv səbəbləri var. Pandemiyaya görə bütün dünya bu vəziyyətdədir, amma, biz bunun üzərində bir müharibə də yaşadıq. Müharibəmiz böyük qələbə ilə bitdi, bu, çox sevindirici haldır. Amma o 44 gündə biz nələr yaşadıq. Kim yatanda əmin idi ki, Gəncəyə, Bərdəyə düşən raketin biri də onun evinə düşməyəcək?! Müharibənin əvvəllində 44 günə bitəcəyini bilmirdik axı. Hələ ermənilər ordusu olmayan Azərbaycandan o torpaqları bütün dünyanın köməyi ilə neçə ilə almışdılar. Amma bu gün biz o torpaqları 44 günə azad etmişik. Bunların hamısı uğurlu siyasətin nəticəsidir. Bunları xoşa gəlsin mənasında demirəm. Mənə elə gəlir ki, bu hadisələrdən sonra İlham Əliyevin rolunu müxalifətçilər belə etiraf edirlər. Azərbaycan neçə yüz illər sonra birinci dəfə idi ki, itirdiyi torpaqları geri ala bilirdi. Türkmənçay, Gülüstan müqaviləsindən sonra birinci dəfədir ki, torpaq geri ala bilirik. Bu ağıla gəlməz idi. Hətta sizinlə gülməli bir əhvalat bölüşüm. Məndə qədim şam ağacı işığı kolleksiyası var.  Keçən il müharibənin yeni başlayan vaxtları idi kimsə gəlmişdi. Şam ağacı qurub qurmayacağımı soruşdu. Dedim ki, ay rəhmətliyin nəvəsi, heç sağ qalacayıq ki?! (gülür). Xaricdə yaşayan qohumlarımın hamısı dəvət edirdilər. Ancaq nəsə adamda o hal yox idi, getmək istəmirdim. Heç kim müharibənin sonunu, başına nə gələcəyini bilmirdi. O ərəfədə Şuşadan danışırdıq, mənim Şuşaya xüsusi heyranlığım var, Şuşalılar da çox qabiliyyətli insanlardır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Azərbaycanın şəhər mədəniyyəti üç şəhərin üzərində qurulub: Şuşa, Lənkaran və Gəncə. Söhbət əsnasında dedim ki, Şuşa alınsa, söz verirəm ki, şam ağacı quracam. Şuşa alındı, mən inana bilmirdim, hissləri ifadə etmək mümkün deyil. Şam ağacını bəzəməsəm də, söz vermişdim deyə çıxardım qurdum. Deyirdilər, bunu çılpaq niyə qurmusan?!  (Gülür) Torpaqlarımızın alınması bizim üçün bir fantastika oldu.

- Uşaqlara qarşı təcavüz xeyli çoxalıb. Niyə məhz insanların maarifləndiyi bir dövrdə pedofillər günü gündən çoxalır?

- Pedofiliya kimi patologiyalar həmişə olub, sadəcə miqyas artıb. Çünki indi internet, telefon var, qurbanları tapmaq, yoldan çıxarmaq daha asandır. Bu vasitələrlə pedofillər qurbanlarına daha rahat çata bilirlər. Necə ki, gölməçə çalxalananda suyun dibindəki zibillər suyun üzünə qalxır, karantidə də insanların əsəblərinin korlanmağı potensial cinayətkarları artırıb. Ona görə də, bu hallar çoxalıb. Həmişə vurğulayıram ki, onlara cəza vermək lazım deyil. Cəza o vaxt verilər ki, insan islah oluna bilər. Uşağın əli közə toxunub yanır, başa düşür ki, ora bir də toxunmaq olmaz. Pedofilin isə təbiəti budur.

- Bəs pedofiliya nədən yaranır?

- Necə yarandığı bəlli deyil. Düzdür, psixoanaliz nəzəriyyəsində bir çox səbəblər var, uşaq vaxtı zorakılığa məruz qalan insanlar və yaxud xüsusi arxetiplərin düzgün inkişaf etməməsi ilə əlaqələndirirlər. Amma bunun konkret sübuta yetirilmiş səbəbi yoxdur. Deyirlər, ölüm hökmü yoxdur, onda cəmiyyətən ömürlük təcrid olunmalıdırlar. Bu insanlar cəmiyyətə buraxıla bilməz, çünki düzəlməyəcəklər. Onu 100 il həbsdə saxlasanız da, döysəniz də, budur.

- Uşaqlara cinsi tərbiyənin verilməsi təcavüzlərin qarşısını ala bilər?

- Uşaqlara doğru psixoloji cinsi tərbiyə vermək bizə bu işdə xeyli irəliləyiş verə bilər. Çünki cinsi tərbiyə dedikdə niyəsə insanlar elə başa düşür ki, uşaqlara intim əlaqənin detalları izah edilir. Bu belə deyil. Birinci növbədə, cinsi tərbiyə qızdan xanım, oğlandan bəy yetişdirmək deməkdir. Bu, bioloji, fizioloji yox, daha çox sosial-psixoloji məsələdir. Onsuz da, uşaqlar küçədə, orda-burda davamlı olaraq kimdənsə nəsə öyrənirlər. Bunu məktəb vaxtlarından etibarən mütəxəssislərdən öyrənmələri daha yaxşı olmazmı?! Düşünürəm ki, məktəblərdə psixologiyaya geniş yer ayrılmalıdır.

- Bəs övladını psixoloqa apara bilməyən valideynlər özləri cinsi tərbiyəni necə verə bilərlər?

- Valideynlər, heç olmasa, uşaqlara qarşı səhv davranışlarını yığışdırsalar, böyük irəliləyiş olar. Məsələn, uşaqlarını heç vaxt heç kimlə müqayisə etməsinlər, uşağın şəxsiyyətini alçaltmasınlar. Bir çox vlideyn uşağını nəinki tənqid, hətta təhqir edir, döyür. Uşaq səhv edəndə ona bu hərəkətin pis olduğunu və ona yaraşmadığını dedikdə o şüuraltı düşünür ki, mən yaxşı uşağam, bu hərəkət pisdir, etməməliyəm. Ancaq “sən nə pis uşaqsan, bunu niyə belə etmisən?!” dedikdə o artıq özünü pis hiss edir. Bu Bəhlul Danəndənin lətifəsinə bənzəyir. Qonşusu gəlib deyir ki, Bəhlul Danəndə, mənə bu il varlanmağım üçün bir məsləhət ver. O da deyir ki, dəmir, kömür al islat vur anbara, qışda çıxarıb satarsan. Doğrudan da, onlar qışda ağırlaşır, baha qiymətə satıb varlanır. Həmin qonşu varlandıqdan sonra yenə gəlir ki, Bəhlul Divanə, (Camaat ona divanə deyirmiş) mənə varlanmaq üçün məsləhət ver. O da deyir, get soğan, sarımsaq al vur anbara islat qışda satarsan. O da bütün pulun verib soğan, sarımsaq alır isladıb vurur anbara. Qışda girib görür ki, hamısı çürüyüb. Gəlib soruşur ki, niyə mənə belə məsləhət verdin?! Bəhlul Danəndə cavabında deyir ki, danəndəyə müraciət edən danəndə məsləhəti alar, divanəyə müraciət edən isə divanə məsləhəti alar. Yəni uşağı aşağılayaraq onu pozuruq.

- Sizcə, məktəblərdə niyə cinsi tərbiyə dərsləri keçirilmir?

- Postsovet məkanı olduğumuza görə. Tarixən sovet təhsil sistemində sırf bu məsələlərə çox yer ayrılmamışdı. Sonra da SSRİ dağıldı, müharibə oldu. Ona görə də, bizim təhsil sistemimizdə belə qüsurlar var. Yeni-yeni Təhsil Nazirliyi bu qüsurları düzəltməyə çalışır. İndi irəliləyişlərlə bağlı cəhdlər var, ancaq, toxum da öz münbit torpağına düşməlidir. Axı cəmiyyətimizdə də hər kəs doğru düşünmür. İllərdir televiziyada özümüzü öldürür, erkən nigahların əleyhinə danışırıq, amma yığışdırılır?! Ay-hay! Mən hər həftə belə hallarla rastlaşıram. Dəhşətə gəlirəm, 12-14 yaşlı qızı evləndirmək nə deməkdir?! Əlavə olaraq, onu da deyim ki, bir çox veriliş pul müqavilində dələduzları mütəxəssis kimi dəvət edir. Nəticə etibari ilə də, qeyri-peşəkar mütəxəssisin danışdığının da effekti olmur. Yəni insanların şüurunda inkişaf olmasını istəyiriksə, düzgün təbliğat olmalıdır.

- Azərbaycanda evlilikdən öncə hər iki şəxs tibbi müayinədən keçir. Bəs niyə psixoloji müayinədən də keçilmir?

- Mən hər dəfə psixoloji müayinənin də vacib olduğunu deməkdən yoruldum. Necə sürücülük vəsiqəsi alınanda psixoloji durum yoxlanılırsa, evlilikdən öncə də yoxlanılmalıdır. Hər halda evlilik maşın sürməkdən daha ciddi məsələdir. Ona görə də, orda təkcə psixoloji yox, həm də klinik psixoloq, psixoterapevt və həkim psixiatr müayinəsi olmalıdır. Müayinədən sonra evlənməyin deməyəcəyik. Bəzi problemlər var ki, həll etdikdən sonra evlənmək olar. Bəzən boşanan ailələr gəlir və bir-iki seansa problem həll olunur. Problem həll olunduqdan sonra ailə daha da gözəl və möhkəm olur. Çox heyif ki, bu hələ qanunvericilikdə yoxdur. Yaxşı olar ki, Milli Məclis bu məsələyə fikir versin. Düzdür, sevginin qarşısında hər kəs acizdir. Sevgi varsa, yenə evlənəcəklər. Amma ən azından problemin nə olduğu, iki sevən insanın birlikdə xoşbəxt yaşaması üçün nələrə ehtiyac olduğu bilinsin.

- Hər bir xalqın öz psixologiyası var, bir az kobud səslənsə də, Azərbaycan xalqının psixoloji vəziyyəti sağlamdır?

- Bu gün Azərbaycan bir buketə bənzəyir. Misal üçün, Çeçenistan haqqında nəsə demək asandır, çünki çeçenlər konkret müəyyən psixoloji portretə malik bir xalqdır. Amma Azərbaycanda fərqliliklər çoxdur. Azərbaycanda hər cür psixoloji portretə malik insan tapmaq olar. Fiziki olaraq da birimiz qarayanız, birimiz ağbəniz, birimiz mavi gözlü, birimiz qısaboyluyuq, yəni Azərbaycanda hər cür insan var. (Gülür) Əslində, bu da maraqlı bir şeydir. Fəxr edirik ki, Azərbaycanda müxtəlif xalqlar, dinlər, dillər var və sülh şəraitində yaşayırıq. Bir sözlə, fərqliliklər çoxdur, yaxşısı da var, pisi də. Məsələn, bütün dünya kimi biz də narkomaniyadan əziyyət çəkirik, radikal dindarlar, qruplara qoşulanlar var. Amma, bununla yanaşı, səviyyəli, təhsilli, sağlam həyat tərzi  sürən insanların da sayı artır.

- Yəni ümumən müşahidə etdikdə yaxşıya doğru gedir?

- Yaxşı daha da yaxşılaşır, pis daha da pisləşir. Amma, ümumən, karantinin vurduğu zərbəni də yaddan çıxarmamalıyıq. Karantin nəticəsində ən sağlam insanlarda belə, təşviş, həyacan pozuntusu, depressiya görürük.

- Psixoloji problemlər niyə məhz oğlanlarda özünü daha çox göstərir?

- Mən belə deməzdim, çünki psixoloji problemlərin oğlanlarda, ya da qızlarda daha çox özünü göstərməsi nisbidir. Amma Azərbaycanda oğlan daha böyük risk qrupuna aiddir. Çünki hamı olmasa da, təəssüf ki, əksər valideynlər, oğlanlarını anasından asılı, fikrini ifadə edə bilməyən, öz sözünü deyə bilməyən, öz ayaqları üzərində dayana bilməyən biri kimi böyüdürlər. Bizdə kişidən gözləntilər də qeyri-normaldır. Kişi ağlamaz, övladını öpməz, yoldaşını qucaqlamaz və s. bu olmazlar insana təsir edir. Fikir vermisinizsə, kişilər müəyyən xəstəliklərə görə daha az yaşayır, çünki emosiyasını ifadə edə bilmir.

- Bütün bunlara baxmayaraq, niyə intihar edənlərin içərisində daha çox qadınları görürük?

- Bu onun göstəricisi deyilmi ki, inkişaf edən Azərbaycanda hələ də qadınların problemi var, qadın əzilən tərəfdir. Boğaza yığılan tərəf intihar edir, zülm edən yox. Qaynana, qaynata, ər zülmündən intihar edənlər var. Yəni heç kim xoş günündən intihar etmir. İntihar edən hər bir qızın arxasında onun ərinin, ya atasının, ya da qaynanasının imzası var. Düşünürəm ki, hər intihara görə çoxlu sayda səbəbkarlar həbs olunmalı, cəza artırılmalıdır. Bu cəzasızlıq ona gətirib çıxarır ki, insanlar başqalarına zülm etməkdən əl çəkmirlər. Qadınlara həyatda, işdə daha çox yer verməliyik. Hər dəfə deyirəm ki, qız uşaqlarından abituriyent imtahanları götürülməsin. Yaxşı, Tibb Universiteti, hüquq fakültəsi və s. bir neçə yerə imtahansız qəbul olmasın, amma, başqa ixtisaslara qəbul etsinlər. Bir savadlı qadın bir nəslin düzgün yetişməyi deməkdir. Nəyinki nəslin, bu bütün ölkənin xilası deməkdir. Qoyun qadınlar oxusunlar, inkişaf etsinlər, bariyer götürülsün.

- Son zamanlar, xüsusilə Türkiyədə psixoloji seriallar çoxalıb, insanlar da maraqla izləyir, hətta gördüklərini öz üzərində tədbiq edirlər. Sizcə, bu nə dərəcədə doğrudur?

- Bir yeməyə baxmaqla insanın qarnı doymaz. Elə hamı kitabdan oxuyub öz-özünə psixoloq olardı da. Düzgün yetişdirilmiş psixoterapevt Azərbaycanda barmaqla sayılacaq qədərdir. O bir güzgüdür, insanı düzgün göstərir. İnsan sosial varlıqdır, başqasına ehtiyacı var. Yəni mən özüm özümü görə bilmərəm, buna kor ləkə effekti deyirik. Gözümüzdə olan torlu qişa vasitəsilə görürük, ancaq orda bir kor ləkə var ki, ora düşən predmentlərin əksini görmürük. Eləcə də psixologiyada o ləkə daha böyükdür, yəni insan özü-özünü heç vaxt doğru görüb qiymətləndirə bilmir. Yaxınlarımız, çevrəmizdəkilər bizi doğru qiymətləndirə bilmir, çünki mənim ailəm, çevrəm məni sevir. Ona görə də, məni o sevgi prizmasından görürlər. Emosiya onlara doğru qiymətləndirməyə imkan vermir. Ona görə də, obyektiv, bitərəf bir insana ehtiyac var. Savadlı, düzgün yetişdirilmiş, psixoloq və ya psixoterapevt məhz bu insandır. Türkiyə serialları sözün hər bir mənasında bizim evimizi yıxıb. Psixologiya ilə bağlı seriallara baxmaq istəyənlər Amerika seriallarına baxsınlar. Çünki orda Amerika Psixoloqlar Assosasiyası bunu tənzimləyir. Məsələn, “Pasientlər” adlı serial var, ona baxa bilərlər. Türkiyə serialları çox deformasiya olunub. Bu, qeyri-etikdir. Yazıçının böyüklüyü nədir?! Dahi yazıçılar götürüb kiminsə həyatını yazsa idi yazıçı olmazdı axı. Fantaziya qur, ssenari yaz və onun əsasında film çək. Camaatın xəstəlik tarixini yazıb film çəkmək düzgün deyil. Xəstələrin adı dəyişilsə belə, tanıyan insanlar həyat hekayəsini görən kimi tanıyır. Əslində, bu cinayətdir. Heç bir inkişaf etmiş ölkədə bir nəfər belə bu hərəkəti edə bilməz. Çox heyif ki, Türkiyədə psixologiya bərbatdır. Xahiş edirəm bu seriallara baxmayın, Türkiyədən müsbət şeyləri götürün.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Yanvar 2022