Politicon.co
Azərbaycanın Dağıstan iddiası (1918-1928)
Müvəqqəti hökumət dövründə Azərbaycan və Dağıstan
20-ci əsrin əvvəllərində Çar Rusiyasında baş verən siyasi proseslər müsəlmanların dövlət idarəçiliyində rolunun artmasına gətirib çıxardı. Mütləq monarxiyanın 1905-ci ildə ləğv edilməsindən sonra ölkə ərazisində müxtəlif partiyalar, o cümlədən Müsavat yarandı. Müsavat digər müsəlman partiyaları kimi Rusiyanın gələcəyini müsəlman xalqlarının ölkə daxilində muxtariyyəti çərçivəsində görürdü. Bu səbəbdən 1914-cü ildə başlanan dünya müharibəsində Çar Rusiyasını dəstəklədi. Müharibənin gedişi zamanı ordunun qərb cəbhəsində ağır məğlubiyyəti demokratik qüvvələrin çar II Nikolaya təzyiqi və sonda burjua inqilabı ilə nəticələndi. İnqilab nəticəsində Rusiya respublika elan edildi, iqtidar Kerenskinin rəhbərliyi altındakı Müvəqqəti Hökumət tərəfindən idarə olunmağa başladı. 1917-ci ilin mart-oktyabr aylarında baş verən demokratik hərəkat Qafqaz regionunda yeni siyasi və təşkilati strukturların formalaşmasına səbəb oldu. Azərbaycanda Rusiya Müsəlman Şurası, Şimali Qafqazda - Şimali Qafqaz Birləşmiş Dağlılar İttifaqının bir qolu kimi fəaliyyət göstərən Zaqafqaziya Müsəlmanları Şurası yarandı. Buraya Kabarda, Osetiya, İnquşetiya, Qaraçay-Çərkəz və Dağıstan daxildi. Həmin günlərdə Tiflisdə Qafqazın sonuncu rus canişini olan Nikolay Nikolayeviçi əvəzləyən Xüsusi Zaqafqaziya Komitəsi yaradıldı və ona liberal Vasili Xarlamov başçılıq edirdi. 1917-ci il aprelin 6-da Zaqafqaziya Komitəsi Dağıstanın idarəetməsi üçün xüsusi komissarlığın yaradılmasına göstəriş verdi. Bu komissarlığın rəhbəri sosialist İbrahim Heydərov idi.
1917-ci ildə keçirilən qurultaylarında əsas müzakirələr mədəni muxtariyyət və müsəlmanların yaşadığı ərazilərdə federasiyanın formalaşması tərəfdarları arasında gedirdi. Müsavat partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə və Türk federalistlər partiyasının lideri Nəsib bəy Yusifbəyli federal prinsipi müdafiə edirdi. Şimali Qafqaz müsəlmanlarının siyasi lideri Əhməd Tsalikov isə vahid Rusiya dövləti çərçivəsində müsəlmanların siyasi və mədəni inkişafının tərəfdarı idi. Ümumi səsvermə zamanı 446 nəfər Rəsulzadənin təklif etdiyi federal idarəetmənin lehinə səs verdi[1] (Safarov,1922:233-236). Beləliklə, ortaq qərar kimi federallaşma qəbul olundu. 1917-ci il mayın 1-dən 9-dək Vladiqafqaz şəhərində Dağlı Xalqlarının I Konqresi keçirildi. Konqresdə iştirak edənlər Rusiyanın bütün müsəlman xalqları ilə siyasi birlik yaratmaq ideyasını müdafiə etdilər. Zaqafqaziyanın qurultaydakı nümayəndəsi Həsən bəy Ağayev bu düşüncəyə qatıldı: “Müsəlman qardaşlar nəhayət ki, islam dəyəri ətrafında birləşdilər. İslam dünyası Qırğızıstanın, Krımın, Qafqazın milli-siyasi ideallarının əsas vəzifəsini yerinə yetirir. Bu sağlam və despotizmdən uzaq iradə federativ respublika quruluşunda özünün milli və siyasi inkişafı üçün əlverişli şəraiti əldə edəcəkdir.” (Yançevski, 1927:122-123).
Həmin konqresdə qəbul edilən manifestdə özünü idarə edən vilayətlərdən ibarət federativ respublikanın yaradılması irəli sürüldü. Bu federativ respublikaya Çeçenistandan Tapa Çermoyev, İnquşetiyadan Vassan Cabaqiyev, Kabardadan Pşemaxo Kotsev, Dağıstandan knyaz Rəşid xan Qaplanov və imam Nəcməddin Qotsinskinin rəhbərlik etməsi planlaşdırıldı. Konqres azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev tərəfindən maliyyələşdirilmişdi (Marshall, 2010:58-59).
Dağlı İttifaqı tezliklə Petroqraddakı Müvəqqəti Hökumət tərəfindən qanuni bir məclis kimi tanındı. De-fakto 1917-ci ilin noyabrına qədər Zaqafqaziya Müsəlman Şurası və Dağlı İttifaqı Zaqafqaziya Komitəsi çərçivəsində alt qurum kimi fəaliyyətini davam etdirdi. Federallaşma prinsipi üçün zaman tələb olunurdu. Müvəqqəti Hökumətdə baş verən böhranlar buna imkan vermədi. Noyabrın 7-də paytaxt Petroqradda baş verən bolşevik inqilabı vəziyyəti tamamilə dəyişdirdi. 1917-ci il noyabrın 11-də Azərbaycan, Ermənistan və Gürcüstan ərazisində asayişi qorumaq vəzifəsini öz üzərinə götürən icra hakimiyyəti orqanı – Zaqafqaziya Komissarlığı yaradıldı. Həm Zaqafqaziya Komissarlığı, həm də Dağlı İttifaqı bolşeviklərin hakimiyyətini tanımadığını bildirdi. Zaqafqaziya Komissarlığı və Dağlı İttifaqının bolşevik hakimiyyətini tanımaması vətəndaş müharibəsinin regiona sıçramasına səbəb oldu. Bolşeviklərin Zaqafqaziyada ən güclü olduqları yer Bakı idi və burada formalaşan Bakı Soveti tezliklə hakimiyyəti öz əlinə aldı. Şimali Qafqazda isə Pyatiqorsk şəhərində Terek Sovet Respublikası quruldu. Bu respublika noyabrdan dekabra qədər Osetiya və Çeçenistanın böyük hissəsini ələ keçirdi. Bolşeviklərin regiona hücumunun qarşısını almaq üçün 1917-ci ilin dekabrın 21-də Dağlı İttifaqının Mərkəzi Komitəsi öz müstəqilliyini elan etdi (Marshall, 2010:67). Zaqafqaziya Müsəlman Komitəsinə göndərilən teleqramda deyilirdi: “Dağlı hökuməti qəti ümid edir ki, bu qərar qardaş Azərbaycanla dostluq əlaqələrini daha da möhkəmləndirəcəkdir” (Əliyeva, 2010 :331). Bolşeviklər 25 yanvar 1918-ci ildə Terek xalqlarının I regional qurultayını, 16 fevral 1918-ci ildə isə II qurultayını çağırdılar. Bu qurultaylarda Dağlı İttifaqının öz müstəqilliyini elan etməsi pislənildi, Şimali Qafqaz Sovet Rusiyasının muxtar ərazisi elan edildi (Zlatopolski və Çistyakov, 1972:81-82). 1918-ci ilin ilk ayları Dağlı hökuməti üçün ağır keçdi. Terek Sovet Respublikasının qoşunları Şimali Qafqazda böyük ərazilər ələ keçirərək Dağlı hökumətinin paytaxtı Temir-Xan-Şura (indiki Buynaksk) şəhərinə yaxınlaşdı. Martın 18-də bolşeviklər müqavimətə rast gəlmədən Vladiqafqaz şəhərini ələ keçirdilər (Yançevski, 1927:203). Mayın əvvəlində bolşeviklərin paytaxta daxil olması ilə Dağlı hökuməti süqut etdi və hökumət üzvləri Gürcüstana qaçdılar (Marshall, 2010:71).
Bu ərəfədə Zaqafqaziyada isə vəziyyət gərginləşmişdi. Sovet Rusiyası Osmanlı ilə Brest-Litovsk sülh müqaviləsini imzalayaraq müharibədən çıxdı. Müqavilə bəndlərinə görə, Qars, Ardahan və Batum Osmanlıya verilməli idi. Bu isə Sovet Rusiyasını tanımayan Zaqafqaziya komissarlığına daxil olan menşevik və daşnak fraksiyası tərəfindən narazılıqla qarşılandı. Osmanlı ərazi məsələsinin həlli üçün Zaqafqaziya komissarlığına Rusiyadan rəsmi olaraq ayrılması üçün təzyiq etdi. 1918-ci ilin martın 26-da Zaqafqaziya komissarlığı buraxıldı və onun yerində Müvəqqəti Zaqafqaziya hökuməti formalaşdırıldı (Yançevski, 1927:193). Osmanlı tərəfi Zaqafqaziya hökumətinin Trabzon danışıqları zamanı irəli sürdüyü şərtləri qəbul etmədi və aprelin əvvəllərində hücuma keçdi. Batum və Qarsı asanlıqla ələ keçirən türklər Zaqafqaziyanın daxilinə doğru irəliləməyə başladı. Bu vəziyyətdə Zaqafqaziya seymi aprelin 22-də Osmanlının tələblərini yerinə yetirərək Zaqafqaziya Federativ Demokratik Respublikasının (ZFDR) qurulduğunu elan etdi (Əliyeva, 2010:329). Osmanlının Zaqafqaziyaya hücumu həm Batumda olan Dağlı İttifaqı hökuməti nümayəndələri, həm də müsavatçılar tərəfindən müsbət qarşılandı. Müsavatçılar Bakı Sovetinə qarşı, Dağlı hökuməti isə Terek Sovet Respublikasına qarşı Osmanlı qüvvələrindən istifadə etmək niyyəti var idi. Osmanlının dəstəyinə arxalanan Dağlı hökuməti mayın 11-də Batum şəhərində müstəqilliyini elan etdi (Marshall, 2010:71). ZFDR hökuməti Brest-Litovsk müqaviləsində qeyd edilən əraziləri Osmanlı ərazisi kimi tanısa da türklər menşeviklər və daşnakların nəzarətində olan daha bir neçə qəzanın özlərinə verilməsini tələb etdi. Müsavatın Osmanlını dəstəkləməsini xəyanət kimi dəyərləndirən menşeviklər mayın 15-də Almaniyaya müraciət etdilər. Beləliklə, mayın 26-da Gürcüstan menşevikləri almanların himayəsi altında ZFDR-dən çıxdı (Safarov, 1922:240). Federasiyanın dağılmasından 2 gün sonra İrəvan qarşısında Osmanlının hücumunu dayandıran daşnaklar Ararat Respublikasının qurulduğunu elan etdi. Tiflisdəki Müsəlman Milli Şurası isə həmin gün Azərbaycan Respublikasının müstəqilliyini bəyan etdi. İyunun 4-də Osmanlının Zaqafqaziya respublikaları ayrı-ayrı müqavilə imzalaması ilə Brest-Litovsk müqaviləsi qüvvədən düşdü. Müqaviləyə görə, Osmanlı Azərbaycana hərbi yardım göstərməli idi. 4 gün sonra bu müqavilənin bənzəri Dağlı hökuməti ilə imzalandı (Şahin, 2019:67). Bu müqaviləyə uyğun olaraq, 1918-ci ilin yay aylarında Osmanlı qoşunlarının Azərbaycan və Dağıstanda hərbi kampaniyası başladı.
Azərbaycan və Dağıstan Osmanlı tərkibində
Osmanlı müdafiə naziri Ənvər paşanın bufer respublikalar vasitəsilə Rusiya ərazisində irəliləmə planları var idi. Bu səbəbdən hələ Azərbaycanın öz müstəqilliyini elan etməsindən əvvəl – mayın 25-də qardaşı Nuri paşanı Gəncəyə göndərdi. Nuri paşa burada müsəlman diviziyaları ilə birlikdə yeni ordu formalaşdırmağa başladı. Qafqaz İslam Ordusunun 10-12 min nəfəri yerli müsəlmanlardan, 6 min nəfəri isə Osmanlı türklərdən təşkil olunmuşdu (Marshall, 2010:90). Ordunun tərkibində 3 minə yaxın dağıstanlı var idi. Bu ərəfədə ADR hökuməti Tiflisdən Gəncəyə gəldi. Lakin Nuri paşa ADR-i müstəqil dövlət kimi tanımadı və Milli Şuranı buraxdı. Hökumətin de-fakto ləğvindən sonra Nuri paşa Bakı kommunasına qarşı hərbi əməliyyatlara başladı. Sayca çox olan qüvvələrlə Osmanlı qısa müddətdə Bakıya kimi irəlilədi. Avqustun əvvəlində Bakı Soveti ləğv edildi və onun yerində Sentrokaspi diktaturası quruldu. Sentrokaspi diktaturası Bakının müdafiəsi üçün ingilislərlə ittifaqa girdi.
Bu ərəfədə Dağıstanda siyasi vəziyyət dəyişmişdi. Terek kazak korpusunun komandiri, polkovnik Lazar Biçeraxovun bölmələri avqustda hücuma keçərək bolşevikləri Dağıstandan çıxardı. Bu dövrdə regionda faktiki ikili idarəetmə mövcud idi. Dağlı hökumətinin regiondakı nümayəndəsi knyaz Nuh Tarkovski və onunla müttəfiq olan imam Nəcməddin Qotsinski regionun dağlıq ərazilərinə, polkovnik Biçeraxov isə Dağıstanın sahil hissələrinə nəzarət edirdi (Samurski, 1925:68). Lakin qısa müddətdən sonra Biçeraxov Dağıstanın əksəriyyətini ələ keçirdi. Həm ağlarla, həm də bolşeviklərlə müttəfiq olan Biçeraxov ikili siyasət aparırdı (Safarov, 1922:241). Dağlı hökuməti üzvləri Osmanlı imperiyası ilə hərbi əməliyyatları müzakirə etmək üçün Konstantiniyyə (indiki İstanbul) şəhərində Tələt paşa və xarici işlər naziri Əhməd Nəsimi bəylə görüşdülər. Osmanlı hökuməti 1918-ci ilin avqustun 12-də 14-cü korpus komandiri Yusuf İzzət paşanı Şimali Qafqazın komandanı təyin etdi. Osmanlı bölmələri Dağıstan əməliyyatına başlamaq üçün ilk öncə Bakını tutmalı idi. İngilislərin Sentrokaspi diktaturasına köməyinə baxmayaraq Osmanlı bölmələri sentyabrın ortalarında Bakıya daxil oldular. ADR hökuməti sentyabrın 17-də Bakıya köçdü. Tapa Çermoyevin rəhbərlik etdiyi Dağlı hökuməti isə oktyabrın 5-də Bakıya gəldi (Şahin, 2019:69).
ADR rəhbərliyi oktyabrın 8-də maliyyə ehtiyacını nəzərə alaraq Dağlı hökumətinə 1 milyon rubl dəyərində faizsiz kredit verdi. Həmin gün Azərbaycanla Dağlı Respublikası arasında ümumi müdafiə sisteminin yaradılması və razılaşdırılmış iqtisadi siyasətin həyata keçirilməsini nəzərdə tutan müqavilə bağlandı (Əliyeva, 2010:332). Bu addım ADR və Dağlı hökuməti arasındakı sıx əlaqəni göstərirdi. Bakıdan sonra şimal istiqamətində hücuma hazırlıq başlandı. Dağıstan kampaniyasında Azərbaycan əsgərləri də iştirak edirdi. İzzət paşanın başçılığı ilə türk və Azərbaycan qoşunları qısa müddətdə Terek korpusununun müqavimətini qıraraq oktyabrın 9-u Dərbəndi, oktyabrın 23-də isə paytaxt Temir-Xan-Şuranı ələ keçirə bildi (Samurski,1925:69). Dağlı hökuməti 2 gün sonra Temir-Xan-Şuraya köçdü. Qafqaz İslam ordusu Temir-Xan-Şura şəhərindən digər mühüm şəhər Port-Petrovsk (indiki Maxaçqala) istiqamətində əməliyyatına başlayan zaman Osmanlının müharibədə məğlub olduğunu rəsmiləşdirən Mudros müqaviləsi imzalandı. Bu səbəbdən hücumu davam etdirmək üçün Osmanlı zabitləri Dağlı və ADR hökumətinin tərkibinə keçdiklərini bildirdilər. Petrovsk uğrunda döyüş çox şiddətli oldu, sonda şəhər ələ keçirildi. Hücum zamanı Osmanlı 15-ci diviziyasının 23 faizi həlak oldu. İzzət paşa döyüşdə ayağından yaralandı, eyni zamanda malyariya xəstəliyinə tutuldu (Marshall, 2010:102). Lakin növbəti hərəkat baş tutmadı. İngilislərin Osmanlıya sərt etirazından sonra türk qoşunları noyabrın sonunda Dağıstandan, eləcə də Azərbaycandan çıxarıldı (Şahin, 2019:86). Beləliklə, Osmanlı ADR-in və Dağlı hökumətinin müstəqilliyini tanıdı. Dağlı hökuməti və ADR arasındakı münasibətlər artıq 2 müstəqil dövlət çərçivəsində davam edəcəkdi.
ADR-in Dağıstan iddiası
Mudros müqaviləsinin imzalanmasından Zaqafqaziya regionu Böyük Britaniyanın himayəsinə daxil oldu. Regiona gələn general Vilyam Tomson ADR-i müstəqil qurum kimi tanımadığını bildirdi. Böyük Britaniya Azərbaycanı, eləcə də Dağıstanı müttəfiqi Rusiyanın ərazisi hesab edirdi (Marshall, 2010:104). ADR hökuməti Osmanlı bölmələrinin regiondan çıxarılmasından sonra Milli Şuranı bərpa etdi və dövlət quruculuğuna başladı. General Tomson hər iki dövləti tanımasa da, Azərbaycan və Dağlı hökumətinin islahatlarına qarışmadı. 1918-ci il dekabrın 7-də Azərbaycanın parlamenti formalaşdırıldı. Dekabrın 13-də keçirilən parlamentin iclasında yeni hökumət kabineti yaradıldı. Uzun mübahisələrdən sonra dekabrın 26-da general Tomson ADR-i ölkə daxilində yeganə yerli hakimiyyət orqanı kimi tanıdı” (Mixaylov, 2016:44). Dağlı Respublikasının parlamenti isə 1919-cu ilin yanvarında formalaşdırıldı. Yeni qurulan hökumətdə xarici işlər naziri Heydər Bammatov, müdafiə naziri Nuh bəy Tarkovski, daxili işlər naziri isə Rəşid xan Qaplanov oldu. Nəcməddin Qoçinski isə hərbi-şəriət məhkəmə sisteminin başçısı təyin edilmişdi (Marshall, 2010:107). Lakin ingilislərin Azərbaycandan fərqli olaraq Dağlı Respublikasına formalaşmamış respublika kimi baxırdı və onu yerli hakimiyyət orqanı kimi tanımadı. Bu amil daha sonra respublika nümayəndələrində, eləcə də əhalidə Azərbaycana birləşmə ideyalarının artması ilə nəticələnəcəkdi.
Bu dövrdə Rusiyanın mərkəzi hissələrində ağqvardiyaçılarla bolşeviklər arasında amansız müharibə davam edirdi. 1918-ci ilin noyabr-dekabr aylarında general Denikinin rəhbərliyi ilə Cənubi Rusiya komandanlığı Şimali Qafqazda uğurlu əməliyyat keçirdi. Ağqvardiyaçılar qısa müddətdə Stavropol vilayəti və Çeçenistanın bir hissəsini ələ keçirdi. 1919-cu ilin əvvəlində Terek Sovet Respublikası faktiki olaraq fəaliyyətini dayandırdı (Zlatopolski və Çistyakov, 1972:208). Bu uğursuzluqdan sonra bolşeviklər Həştərxana geri çəkilmək məcburiyyətində qaldılar. Ağqvardiyaçıların cənub istiqamətində hərəkəti ADR və Dağlı hökuməti tərəfindən narahatlıqla qarşılandı. 1919-cu ilin fevralında ADR hökuməti Dağlı Respublikasına maliyyə və ərzaq yardımı ayırdı, eyni zamanda rəsmi diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevi Temir-Xan-Şuraya göndərdi (ADR, 1998:166). 1919-cu il aprelin əvvəllərində general Denikinin bölmələri Terek Sovet Respublikasının nəzarətində qalan bütün ərazini ələ keçirdilər. Bu hadisədən sonra Dağlı Respublikası nümayəndələri arasında Azərbaycanla birləşmə ideyaları gücləndi. Dağıstanın ictimai xadimləri ADR-in Dağlı Respublikasındakı səfiri Əbdürrəhim bəy Haqverdiyevə müraciət edərək Azərbaycan hökumətindən bu məsələ ilə bağlı razılıq verməsini xahiş etdilər. Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi teleqramda regiondakı vəziyyəti belə təqdim edirdi: “Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi çox ciddi müzakirə olunur. Bir çox ictimai xadimlərin xahişi ilə mən sizə gizli teleqram göndərirəm. Artıq 10 qəzadan 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, digərləri isə gizli formada bunu istəyir. Bu məsələ ilə bağlı Bakıya keçmiş hərbi nazirin müavini, general Mikail Xəlilov gələcək. Bu məsələni dərhal həll etmək lazımdır. Denikinin cənuba doğru həmləsi zamanı Dağıstan etibarlı müdafiə oluna bilməz. İcazə verin, Temir-Xan-Şuraya bir Azərbaycan alayının göndərilməsi barədə hökumətlə danışım, çünki Dağıstanın müdafiəsi Azərbaycanın taleyindən birbaşa asılıdır.” (ADR, 1998:165).
Ağqvardiyaçıların cənub istiqamətində irəliləməsindən sonra Dağıstanda Azərbaycanla birləşmə tərəfdarları sürətlə artdı. Dağlı Respublikasının parlament üzvləri, zabitləri, din xadimləri və ziyalıları aprelin 29-da keçirilən birgə iclasda Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsini müzakirə etdilər. Azərbaycanla birləşmə ideyası deputat Məhəmməd Dibirov və nüfuzlu din xadimi Uzun Hacı tərəfindən dəstəkləndi (Əliyeva, 2010:353). Əbdürrəhim bəy Haqverdiyev 1919-cu ilin mayın 9-da xarici işlər naziri Məmməd Yusif Cəfərova yazdığı məruzədə bunları qeyd edirdi: “Çeçenlər Azərbaycana birləşməyə meyllidirlər. Yalnız Denikinin agentləri tərəfindən hər gün daha çox yayılan təxribata qarşı ciddi tədbirlər görmək lazımdır. Mən bu işlərlə bağlı ətraflı şəxsi hesabat verəcəyəm, bunun üçün sizin şəxsi göstərişinizə uyğun olaraq yaxın zamanda Bakıya gələcəm. Son məlumatlara görə, Çeçenistanın düzən əraziləri ağqvardiyaçıların əlindədir, lakin dağlıq bölgələr Denikinə qarşı döyüşməyi planlaşdırır” (ADR, 1998:181). Rəsmi olaraq Azərbaycan Denikinə qarşı müharibə elan etməsə də Çeçenistana könüllülərdən ibarət dəstələr göndərdi (Denikin, 1991:177). Denikin Şimali Qafqaz və Dağıstanın Azərbaycana birləşməsinin qarşısını almaq üçün Dağlı hökumətindəki zabitlərə müəyyən vədlər verdi, eyni zamanda ağqvardiyaçıların bölgəni işğal etmək niyyətinin olmadığını, sadəcə bolşeviklərə qarşı mübarizə üçün regiona gəldiklərini bildirdi. Bu tipli vədlər Dağlı hökuməti zabitlərinin bir qisminin Denikinin tərəfinə keçməsi ilə nəticələndi. Şimali Dağıstan faktiki olaraq müqavimət göstərmədən Cənubi Rusiya komandanlığına tabe oldu. May ayında general Mikail Xəlilov Dağlı hökumətində hərbi çevriliş həyata keçirdi. Belə bir şəraitdə Pşemaxo Kotsev başda olmaqla Dağlı hökuməti mayın 12-də istefa verdi. Mikail Xəlilov Denikinlə danışıqlar apararaq Cənubi Dağıstan istisna, digər əraziləri döyüşsüz Denikinə təslim etdi (Marshall, 2010:107). Çevriliş nəticəsində Dağlı hökuməti ikinci dəfə sürgün hökuməti formalaşdırmaq məcburiyyətində qaldı. Əhməd Tsalikov, Heydər Bammatov və Pşemaxo Kotsev Gürcüstana getdi. Hökumətin digər üzvləri Rəşid xan Qaplanov və Əhməd xan Matuşev Bakıya gəldi (Denikin, 1991:195). Rəşid xan Qaplanov Nəsib bəy Yusifbəyli hökumətinin tərkibində maliyyə, daha sonra isə maarif və dini etiqad naziri oldu. Gürcüstandakı nazirlər isə siyasi mübarizəni davam etdirdilər.
Dağlı hökumətinin süqutu ADR rəhbərliyində Dağıstanın ilhaqı məsələsini daha da aktual etdi. Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il iyunun 9-da xarici işlər naziri Məmməd Yusif Cəfərova yazdığı məktubda regiondakı vəziyyəti belə təsvir edirdi: “Mən Kürə, Qaytaq-Tabasaran və Samur qəzalarındakı əhalinin Azərbaycana birləşmək istəyi və ingilis komandanlığının Xəzər sahillərini bolşeviklərdən müdafiə etmək öhdəliyinə əsaslanaraq bu rayonları və Petrovsku ələ keçirməyi məqsədəuyğun hesab edirəm. Petrovska nəzarət etsək Dağıstan, Çeçenistan və İnquşetiya Azərbaycanın hakimiyyətini tanımağa hazırdırlar. Bundan sonra Dağlı Respublikası Azərbaycanın protektoratı altında bərpa oluna bilər. Bu, bizim xilasımızdır.” (ADR,1998:218-219). Denikinə qarşı mübarizə üçün 1919-cu il iyunun 9-da Azərbaycanda Dövlət Müdafiə Komitəsi yaradıldı. İyunun 12-də ingilis general Norton Kori Denikinə, ADR və Gürcüstanın nümayəndələrinə London hökumətinin qərarı barədə məlumat verdi: “Cənubi Rusiya komandanlığı ilə Azərbaycan arasında sərhəd xətti bir xətt üzrə - Port Petrovskdan 5 km cənubda keçməlidir” (Mixaylov, 2016:48). Bu qərar ingilislərin Cənubi Dağıstanı ADR ərazisi kimi tanıması demək idi. Denikin bu qərarla bağlı ingilislərə etiraz notası göndərdi, lakin bu etiraz rədd edildi. Cənubi Rusiya komandanlığı məsələni hərbi yolla nizamlamaq qərarına gəldi. Dratsenkonun rəhbərliyi ilə ağqvardiyaçılar gözlənilmədən hücuma keçərək Dərbəndi ələ keçirdilər (Denikin, 1991:179). Denikin buradan ADR hökumətinə teleqram vurdu: “Biz Azərbaycanı Rusiyanın bir hissəsi hesab edirik. Rusiyada hakimiyyət bərpa olunana qədər biz Azərbaycanın müstəqil yaşamasına icazə veririk” (Mixaylov, 2016:50). Bu teleqram ADR rəhbərliyində şok yaratdı. Azərbaycan hökuməti dərhal ingilislərə məsələyə müdaxilə etməsini tələb etdi. İngilis general Korinin 4 avqust 1919-cu ildə Azərbaycan Baş naziri Nəsib bəy Yusifbəyliyə yazdığı məktubda demarkasiya xəttinin dəyişdirildiyini və Dağıstan oblastının cənub sektorundan keçdiyini bildirdi (Əliyeva, 2010:353). Azərbaycan hökumətinin bu qərara etiraz etməsi vəziyyəti dəyişdirmədi. Cənubi Rusiya komandanlığının ordusu güclü idi və Azərbaycana qarşı istənilən hücum hökumətin çökməsi ilə nəticələnə bilərdi. Hərbi gücünə arxayın olan general Denikin Azərbaycana ultimatum verdi.
- Qusar qəzasının Qızılburun ərazisinə qədər olan hissəsi Cənubi Rusiya komandanlığına verilməlidir.
- Azərbaycanın digər hissəsinin taleyi isə Ümumrusiya Müəssislər Məclisinin qərarı ilə tənzimlənəcək (Denikin, 1991:181).
ADR rəhbərliyi bu ultimatumu qəbul etmədi. Oktyabrın 1-dən etibarən Azərbaycanın Temir-Xan-Şura şəhərindəki diplomatik nümayəndəliyi ləğv edildi. Denikin Azərbaycana hərbi əməliyyat planlaşdırdığı zamanda Dağıstanda ağqvardiyaçılara qarşı bolşeviklərin üsyanı başladı. ADR rəhbərliyi üsyançı dəstələrə maddi və hərbi baxımdan yardım etdi (Əliyeva, 2010:382). Regiona Kazım bəy və Nuri paşanın rəhbərliyində ekspedisiya korpusu göndərildi. Onlar üsyanın bolşevik təmayülünün dini xarakter almasına çalışırdılar. Bunun üçün imam Nəcməddin Qotsinskinin qüvvələri ilə ekspedisiya korpusunun qüvvələri birləşdirildi. Lakin döyüşə ehtiyac qalmadı. Bu dövrdə Rusiyada vətəndaş müharibəsinin taleyini həll edəcək hadisələr yaşandı. Bolşeviklər Moskva yaxınlığında ağqvardiyaçıları ağır məğlubiyyətə uğradaraq sürətlə cənuba doğru irəliləməyə başladılar. Bu səbəbdən Denikin qoşunlarını şimala doğru çəkməyə başladı. 1919-cu ilin sonunda Cənubi Rusiya komandanlığının Bakıdakı nümayəndəsi, polkovnik Viktor Palitsın ölkəni tərk etdi (Mixaylov, 2016:50). Ağqvardiyaçıların regionu tərk etməsindən sonra Dağlı hökumətinin bərpası imkanı yarandı. Lakin ADR Dağıstanın Azərbaycana birləşməsi məsələsini gündəliyə saldı. Bolşevik bölmələrinin qısa müddət ərzində Xasavyurt şəhərinə qədər əraziləri ələ keçirməsindən sonra bu plan yarımçıq qaldı (Samurski, 1925:74). Böyük Britaniyanın ali komissarı Oliver Uordrop Azərbaycanın Dağıstanı ilhaq etməsinin Sovet Rusiyası ilə toqquşmaya gətirib çıxaracağından ehtiyat edərək Fətəli xan Xoyskiyə belə bir məktub yazdı: “Dağıstan məsələsinə gəlincə, mən indiki sərhəddən kənarda heç bir hərəkət etməyi məsləhət görməzdim.” (Əliyeva, 2010:393). Böyük Britaniyanın xəbərdarlığından sonra 1920-ci il martın 20-də Nuri paşa qərargah zabitləri və azərbaycanlı könüllülərlə birlikdə Azərbaycana qayıtdı. Dağıstanın böyük hissəsində Sovet hakimiyyətini quran bolşeviklər aprelin əvvəllərində Azərbaycan sərhəddinə gəlib çatdı. ADR-in süqutu yaxınlaşmışdı.
Azərbaycan SSR-in Dağıstan iddiası
ADR hökuməti 1920-ci il yanvarında Parisdəki de-fakto tanınmasına əsaslanaraq bolşeviklərin Azərbaycana daxil olmayacağını güman edirdi. Lakin Sovet Rusiyası Müsavat hökumətini yox, 1919-cu ilin iyulun 19-da Sovet Azərbaycanını müstəqil respublika kimi tanımışdı. Bolşeviklərin hücumu ərəfəsində Azərbaycanda hökumət böhranı hökm sürürdü. Qazax, Qaryagin (indiki Füzuli) və Zaqatalada Müsavat hökuməti devrilmişdi. Bakıdakı hakimiyyəti devrilməsində XI Qızıl Ordu ilə birlikdə Türkiyənin regiondakı nümayəndəsi Xəlil paşanın dəstələri də iştirak etdi (Marshall, 2010:140).
Bakıdakı çevriliş baş tutduqdan sonra Azərbaycan İnqilab Komitəsi aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətini elan etdi. Nəriman Nərimanov qurulan respublikanın ilk baş naziri (Xalq Komissarları Sovetinin sədri) oldu. Azərbaycan SSR müsəlman əhalinin çoxluqda olduğu ilk müstəqil sovet respublikası idi. Azərbaycanın milli kommunistləri - Nəriman Nərimanov, Ruhulla Axundov, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Sultanməcid Əfəndiyev və başqalarının fikirləri Rusiya bolşeviklərinə ciddi təsir göstərmişdi.
Azərbaycan həmin dövrdə Şərqdə inqilabın bayraqdarı qəbul olunmuşdu. Məhz bu səbəbdən Azərbaycan SSR-in qurulmasından qısa müddət sonra Bakıda Şərq xalqlarının birinci qurultayı keçirildi. Azərbaycan İran ərazisində Gilan Sovet Respublikasının qurulmasında və Türkiyə Qurtuluş müharibəsində qələbənin qazanılmasında əhəmiyyətli rol oynadı. Azərbaycan bolşeviklərinin qeyd olunan bu keyfiyyətləri ətraf respublikalardakı kommunistlərə ciddi təsir göstərdi. Dağıstan bu baxımdan xüsusilə fərqlənirdi. Dağıstanda muxtar respublikanın qurulması ilə bağlı müzakirələr 1920-ci ilin payızında başladı. Noyabrın 13-də Temir-Xan-Şurada Dağıstan xalqlarının fövqəladə qurultayı keçirildi. Bakıdan Dağıstana gələn Stalin və Orconikidze RSFSR-in səlahiyyətli nümayəndələri kimi tədbirdə iştirak edirdi. Dağıstanın demək olar ki, bütün millətlərini təmsil edən 300-dən çox nümayəndənin təmsil olunduğu qurultayda çıxış edən Stalin bu açıqlamalarla yadda qaldı: “Dağıstan özünəməxsus xüsusiyyətləri, həyat tərzi, adət-ənənələrinə uyğun idarə olunmalıdır. Dağıstan xalqları arasında şəriət böyük əhəmiyyət kəsb edir. Sovet hökumətinin düşmənləri şayiə yayırlar ki, biz şəriəti qadağan etmişik. Mən RSFSR hökuməti adından bu iddianı yalanlayıram. Dağıstan xalqı öz qanunlarını və adət-ənənələrini qorumaq istəyirsə, deməli, onları qoruyub saxlamaq lazımdır. Sovet hökuməti Dağıstana muxtariyyət verməklə yerli əhali arasından idarəetmə üçün kadrlar seçmək və bu yolla Dağıstan xalqlarını Çar Rusiyasının yaratdığı bataqlıqdan, zülmətdən, cəhalətdən çıxarmaq məqsədi güdür” (Bulatov, 2021:8-9).
1921-ci ilin yanvarın 20-də Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Dağıstan MSSR-in yaradılması haqqında dekreti imzaladı (Zlatopolski və Çistyakov, 1972:201-202). Sənəddə Dağıstanın müstəqil Azərbaycan SSR ilə həmsərhəd olduğu qeyd edilmişdi (Kakaqasanov və Lısenko, 2021:53). Yeni formalaşan Dağıstan hökuməti rəhbərliyi Azərbaycan SSR meylli idi. Dağıstan MSSR Xalq Komissarları Sovetinin sədri Nəcməddin Əfəndiyev (Samurski) və Mərkəzi İcraiyyə Komitəsinin sədri Cəlaləddin Qorxmazov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovdan ciddi formada təsirlənmişdi (Wixman, 1980:117). Azərbaycan SSR hökuməti Dağıstan MSSR-i həm iqtisadi, həm də siyasi formada himayəsinə almışdı. 1921-ci ilin oktyabrında Azərbaycan Dağıstana 200 milyon rubl məbləğində yardım ayırmışdı (Zlatopolski və Çistyakov, 1972:194-195). Təsadüfi deyil ki, 1921-ci il dekabrın 4-də 1-ci Ümumdağıstan Sovetlər Qurultayına fəxri qonaq kimi dəvət edilən yeganə dövlət nümayəndəsi Nəriman Nərimanov idi. Qurultayda Azərbaycan dilində çıxış edən Nərimanov bu ifadələrlə yadda qaldı: “Azərbaycan MİK Rəyasət Heyəti Azərbaycanın zəhmətkeş kəndliləri adından bu gün qardaş Dağıstan Respublikasının birinci qurultayını alqışlayır. İnanırıq ki, Buynakski, Kazbekov və digər inqilaba qurban vermiş dağıstanlılar ölkənin bütün aktual məsələlərini həll edə biləcəklər. Azərbaycan MİK imperializmin boyunduruğu altında məzlum xalqları idarə edən dünya yırtıcılarına qarşı mübarizədə Şərq xalqlarının birliyinin tam uğuruna ümid edir. Yaşasın Dağıstan Respublikası Sovetlərinin I qurultayı! Yaşasın Şərq xalqlarının III İnternasional bayrağı altında qurtuluşu!” (Kakaqasanov və Lısenko, 2021:92-115). Bu qurultay ərəfəsində Zaqafqaziya respublikalarının ortaq federasiyası layihəsi gündəmdə idi. Azərbaycan SSR hökuməti bu federasiyaya Dağıstan MSSR-in də daxil edilməsinə israr etdi. Nərimanov iqtisadi federasiya vasitəsilə Dağıstanın Azərbaycana daxil olacağını ümid edirdi. Belə ki, eyni formada ZSFSR-ə daxil olan müstəqil Abxaziya SSR-in statusu 1931-ci ildə əlindən alınmışdı. Azərbaycan rəhbərliyi də Dağıstanın ali orqanlarının Bakıda yerləşməli olan “Zaqafqaziya Respublikalarının Ümumi Federal İttifaqı”na daxil edilməsinə israr edirdi (Zlatopolski və Çistyakov, 1972:197). Ancaq Dağıstan MSSR-in müstəqil dövlət olmaması səbəbi ilə Azərbaycanın təklifi qəbul edilmədi. Həmin qərardan sonra Dağıstanın muxtar respublika kimi azərbaycanlılaşdırılması siyasətinə başlanıldı. Bu məsələdə Dağıstanın ləzgi və kumık dövlət nümayəndələri ilə yanaşı azərbaycanlı kommunistlər iştirak edirdi. Port-Petrovsk azərbaycanlılarından İbrahim Əliyev muxtar respublikanın ilk prokuroru, Tabasaran rayonunun Yersi kəndindən olan Kərim Məmmədbəyov isə Dağıstan MSSR-in xarici işlər komissarı vəzifəsinə təyin edilmişdi. İbrahim Əliyev və Kərim Məmmədbəyovun dini həssasiyyətləri yoxdu və onlar respublikadakı dini təmayülün türkləşdirilmə siyasəti ilə aradan qaldırılacağına inanırdı.
1922-ci ildə linqva-franka baxımdan Dağıstan regionu 3 hissəyə bölünmüşdü. Dağlıq Dağıstanda əhalinin əksəriyyəti avar, Şimali Dağıstanda kumık, Cənubi Dağıstanda isə azərbaycanca danışırdı. Həmin il Dağıstan vilayət partiya komitəsi qurultayların, konfransların və digər rəsmi yığıncaqların rus, avar və Azərbaycan dilində olması barədə qərar verdi (Maqidov,1971:35). 1923-cü ildə respublikanın rəsmi dövlət dili ilə bağlı məsələnin müzakirəsinə başlanıldı. Həmin ilin iyunun 29-da Maxaçqala şəhərində keçirilən iclasda respublikanın bütün regionlarından olan nümayəndələr iştirak edirdi. Dağıstan MSSR MİK sədri Cəlaləddin Qorxmazov iclasda bu fikirlərlə yadda qaldı: “Dağıstanın əhalisi arasında vahid dilin olmaması səbəbindən dağlılar qonşu respublikalarda yerləşən kiçik millətlərdən dəfələrlə geri qalırlar. Hamı üçün başa düşülən dövlət dilinin olmaması hakimiyyət orqanlarının dağlılarla birbaşa ünsiyyətini çətinləşdirir. Dil olmalıdır, amma bununla bağlı əlifba məsələsi də müzakirə edilməlidir. Çoxdillilik şəraitində ərəb əlifbası xalq təhsilinin inkişafında nəticə verməyəcək və məncə, bu, yeni latın qrafikası əsasənda türk dili[2] ilə əvəz edilməlidir.” (Mutsalxanov və Şuqayibov, 2015:596). Dağıstan MSSR Xalq Komissarları Sovetinin sədri Nəcməddin Samurski Azərbaycan dilinin rəsmi dil olmasını belə əsaslandırırdı: “Dağıstan əhalisinin 75 faizi Azərbaycan və kumık dilini başa düşür və danışır. Avar, ləzgi, dargin və digər dillərdə yazılmış ədəbi-elmi əsər yoxdur və yəqin ki, olmayacaq. Bu əsərlərin bu qədər az adam üçün yaradılması ağlasığmazdır. Bu halda iki variant qalır: rus və ya türk. Rus dili Qərb mədəniyyətini türk dilindən qat-qat güclü və zəngin şəkildə mənimsəmişdir. Ancaq biz rus dilini qəbul edə bilmərik. Çar dövründəki rusifikasiya siyasəti belə bir qərar verməyimizə mane olur. Bu səbəbdən türk dili böyük müsəlman kütlələrinin dili kimi dünyəvi təhsilin silahı kimi istifadə oluna bilər. Belə bir vəziyyətdə biz həm respublikadakı sxolastikanı məhv edə, həm də bu dildə danışan Yaxın Şərq ölkələrinə kommunizmi daşıya bilərik.” (Samurski, 1925:116-118; Bennigsen və Wimbush, 1980:56). İclasda iştirak edən Səid Qabıyev və Məhəmməd Mamayev qeyd edilən fikirlərə qarşı çıxsa da böyük çoxluq partiya liderlərinin təklifini qəbul etdi (Mutsalxanov və Şuqayibov, 2015:597). Beləliklə, 1923-cü ildə Azərbaycan dili Dağıstanın tək rəsmi dili elan edildi (Wixman, 1980:151). Həmin ildən etibarən məktəblərdə Azərbaycan dili ilə yanaşı rus dili də tədris edilməyə başlandı. Dağıstanın türkləşməsi siyasəti respublikanın Azərbaycanla sərhəd ərazilərində daha güclü davam etdi. Axtı və Məhərrəmkənd regionunda yaşayan ləzgilərə Azərbaycan dilində yazmaq tövsiyə edildi. Ləzgi kommunistlər Nəcməddin Samurski və Həbib Əmirbəyov bu məsələdə aktiv şəkildə iştirak edirdi (Maqidov, 1971:94). Bu siyasətin davamı kimi Dağıstan rəhbərliyi 1926-cı ildə Bakıda keçirilən 1-ci Türkoloji Qurultayda 6 nümayəndə ilə təmsil olundu. Nümayəndə heyətinə İbrahim Əliyev, Kərim Məmmədbəyov daxil edilmişdi. Sədr isə Cəlaləddin Qorxmazov idi (Maqomedov, 1993:56). Bu qurultayda müsəlman milli kommunistlər 1926-cı ildə SSRİ-də üç regionlu dil strategiyasını təklif etmişdi. Bu plana əsasən tatar dili Sovet İttifaqının Avropa hissəsinin, Azərbaycan dili Qafqazın, çağatayca isə bütün Orta Asiyanın ortaq dili qəbul edilməli idi (Bennigsen və Wimbush, 1980:88). Lakin bu siyasət çox davam etmədi. SSRİ-nin Yaxın Şərqlə bağlı siyasəti regionun inqilabi fəaliyyəti çərçivəsində əhəmiyyətli idi. 1928-ci ildən etibarən Türkiyə, İran və digər Şərq ölkələrində beynəlxalq inqilabın formalaşacağı ilə bağlı ümidlər azalmağa başladı. Beynəlxalq inqilab tərəfdarı Trotskinin Stalinlə hakimiyyət uğrunda mübarizədə məğlubiyyəti vəziyyəti kökündən dəyişdirdi. Artıq bir ölkədə sosializm ideyaları ciddi şəkildə müzakirə edilirdi. Bu dəyişikliklər Dağıstandan da yan keçmədi. 1928-ci ildə Dağıstanın tək dil statusu ləğv edildi (Wixman, 1980:151). Bütün respublikalarda “korenizasiya” siyasətinə start verildi. Dağıstan ərazisində ləzgi, tabasaran, dargin və avar dilində dərsliklərin sayı artmağa başladı, rus dili isə regionun linqva-frankasına çevrildi. Türkiyə ilə münasibətlərin get-gedə korlanması milli kommunistlərə qarşı münasibətin dəyişməsi ilə nəticələndi. 1930-cu ildə Dağıstan vilayət komitəsinin plenumunda 7 il əvvəl dövlət dilinin Azərbaycan dili olması barədə qərar qanunsuz elan edildi (Mutsalxanov və Şuqayibov, 2015:598). Dağıstanın Azərbaycan meylli bütün kommunistləri - Cəlaləddin Qorxmazov, Nəcməddin Samurski, Həbib Əmirbəyov, İbrahim Əliyev, Kərim Məmmədbəyov repressiyaya məruz qaldı. Eyni proseslər Azərbaycanda həyata keçirildi. Azərbaycan milli kommunizminin banisi Nəriman Nərimanov “burjua millətçisi”, “pantürkist” kimi ittihamlarla damğalandı (Bennigsen və Wimbush, 1980: 91-92). Beləliklə, 8 il davam edən Dağıstanın azərbaycanlılaşdırılması siyasəti yarımçıq qaldı. Dil statusu ləğv olunsa da Dərbəndin ətrafında və Tabasaran rayonunda türkləşmə SSRİ-nin mövcud olduğu dövrlərdə davam etdi. Bu, Azərbaycan dilinin regional təsiri ilə əlaqəli idi. Qeyd edilən proses 1980-ci illərdə tamamilə dayandı. Hazırda Dağıstanda Azərbaycan dilinin regional təsiri demək olar ki, qalmayıb. Dağıstanda azərbaycanlıların tarixən ən çox yaşadığı Dərbənd şəhərində belə bu dildə danışanların sayı azalmağa davam edir.
İstifadə edilən ədəbiyyat
Kitablar
Bennigsen, A. A., & Wimbush, S. E. (1980). Muslim national communism in the Soviet Union: a revolutionary strategy for the colonial world (Vol. 11). University of Chicago Press.
Marshall, A. (2010). The Caucasus under soviet rule. Routledge.
Wixman, R. (1980). Language aspects of ethnic patterns and processes in the North Caucasus (No. 191). University of Chicago, Department of Geography.
Алиева, С. (2010). Азербайджан и народы Северного Кавказа (XVIII--начало XXI вв.). Şărq-Qărb.
Деникин, А. И. (1991). Очерки русской смуты/Предисл. НФ Бугая/АИ Деникин. М.: Мысль.
Златопольский, Д. Л., & Чистяков, О. И. (1972). Образование Союза ССР. Москва: Юридическая литература.
Какагасанов Г.И., Лысенко Ю.М. (2021) Провозглашение автономии и образование Дагестанской АССР. (1920-1921 гг.). Документы и материалы, Махачкала: ИИАЭ ДФИЦ РАН.
Магидов, Ш. Г. (1971). Проблемы языка обучения и письменности народов Дагестана в культурной революции. Махачкала: Дагучпедгиз.
Магомедов, А. М. (1993). Алибек Тахо-Годи. Жизнь, мировоззрение, творческое наследие.
Республика, А. Д. (1998). Внешняя политика (документы и материалы). Баку: Азербайджан.
Самурский, Н. (1925). (Эфендиев). Дагестан.
Сафаров, Г. И. (1922). Национальный вопрос и пролетариат. Gosudarstvennoe izdatelʹstvo.
Янчевский, Н. Л. (1927). Гражданская борьба на Северном Кавказе. Т. 1.
Məqalələr
ŞAHİN, K. Ö. (2019). KAFKAS İSLAM ORDUSUNUN DAĞISTAN HAREKÂTI VE TÜRK BİRLİKLERİNİN TAHLİYESİ. Askeri Tarih Araştırmaları Dergisi, 17(31), 65-88.
https://dergipark.org.tr/en/download/article-file/1126522
Булатов, Б. (2021). ОБРАЗОВАНИЕ ДАССР И СТАНОВЛЕНИЕ ГОСУДАРСТВЕННОСТИ НАРОДОВ ДАГЕСТАНА. (к 100-летнему юбилею образования ДАССР). ACTA HISTORICA: Труды по историческим и обществоведческим наукам, 4(1), 5-11.
Михайлов, В. В. (2016). Правительство Азербайджанской Демократической Республики и лидеры Белого движения в России: военно-политические отношения в 1918-1919 годах. Вестник Северного (Арктического) федерального университета. Серия: Гуманитарные и социальные науки, (2), 43-52.
Муцалханов, М. С., & Шугаибов, И. Ш. (2015). ПРОБЛЕМЫ ЯЗЫКА ОБУЧЕНИЯ УЧАЩИХСЯ ТРУДОВОЙ ШКОЛЫ В ДЕЯТЕЛЬНОСТИ ВЛАСТНЫХ СТРУКТУР ДАГЕСТАНА МЕЖВОЕННОГО ПЕРИОДА (1920-1941 ГГ.). Современные проблемы науки и образования, (2-1), 594-599.
- ETİKETLƏR :
- Qafqaz
- Azərbaycan
- Dağıstan
- Zaqafqaziya
- MÖVZULAR :
- Tarix
- BÖLGƏLƏR :
- Rusiya və MDB