Politicon.co

Azərbaycan-Gürcüstan münasibətlərində pozitiv sülhə gətirən faktorlar

Azərbaycan-Gürcüstan münasibətlərində pozitiv sülhə gətirən faktorlar

Azərbaycan-Gürcüstan münasibətləri özü özlüyündə paradoksal bir fenomendir. Bu paradoks özünü münaqişənin yoxluğunda göstərir. Belə ki, münaqişə elmində ənənəvi yanaşmalar tərəflərin etnik,dini müxtəlifliklərindən yola çıxaraq zorakılıq addımları atmasını önə sürür. Akademik çevrələrdə adətən münaqişənin səbəbləri araşdırılır, bu səbəbdən Azərbaycan-Gürcüstan münasibətlərində münaqişənin yoxluğuna fokuslanan araşdırmalar kasadlıq təşkil edir. SSRİ-nin dağılmasından bəri Azərbaycan və Gürcüstan dövlət və cəmiyyətləri qarşılıqlı şəkildə müsbət dəyərlər əsasında münasibətlərini formalaşdırmışlar. Sovet quruluşunun bir yerə yığdığı müxtəlif millətlərin əksəriyyəti mərkəzin yoxluğunu görən kimi məhdud sərvətlər uğrunda etnik-mədəni müxtəlifliklər diskursu formalaşdıraraq münaqişələrə daxil olmuşlar.Buna ən yaxşı nümunə kimi elə Azərbaycan-Ermənistan münaqişəsini nümunə göstərmək olar. Lakin, post-sovet ölkələrinin münasibətlərinin çoxunda münaqişə səbəbi olan din və mədəni fərqliliklər burada öz münaqişə yaradıcı təzahürünü göstərə bilməmişdir. Müasir dövrdə etno-siyasi konfliktlərin çoxluq təşkil etdiyi Balkanlarda da dövlətlər arasında Azərbaycan-Gürcüstandakı kimi oxşar cəhətləri (etnik, dini fərqliliklər, ortaq tarix və s.) görə bilərik. Lakin, etnik və dini müxtəlifliklər keçmiş Yuqoslaviya ölkələrində münaqişə yaratdığı təqdirdə Azərbaycan-Gürcüstan münasibətlərində pozitiv sülhə gətirib çıxarır .

Ortaq tarixi proseslərdən keçən bu iki cəmiyyət bir-birinin taleyində aparıcı rol oynamışlar. Azərbaycan maarifçiləri Tiflisdə fəaliyyət göstərmiş, Azərbaycan Xalq Cumhuriyyəti Tiflisdə elan olunmuşdur. Eyni zamanda Gürcüstan azərbaycanlısı olan Əlimərdan bəy Topçubaşov, Çarizmə və Rus imperializminə qarşı gürcülərlə birgə mübarizə aparmışdır. 1919-cu ildə Gürcüstan-Azərbaycan qarşılıqlı müdafiə sazişinin oxunuşunda Məmməd Yusif Cəfərov tərəfindən bu fikirlər səslənmişdir: “Ola bilər Gürcüstan ilə Azərbaycan azadlığı əldən çıxsın. Lakin bunlar qonşuluqda bir yerdə yaşayacaqlar. Bu əhdnamənin iki qonşu cümhuriyyət üçün gələcəkdə əsəri olacaqdır. Bir də bu şərtnamənin böyük nəticəsi ola bilər. Qabaqlarda Nikolay zamanında bizə belə baxılardı ki, guya Qafqazya millətləri bərabər yaşaya bilməzlər. Bunlar istərlər ki, bir-birinin boğazından yapışıb öldürsünlər. Bu şərtnamə onu göstərir ki, Qafqazya millətləri pis vaxtda təhlükə altına düşəndə, hər bir daxili məsələlərini kənara buraxıb bərabərlikdə və birlikdə yaşayıb və ölə bilərlər.” [1]

Azərbaycan və gürcü vətəndaşları arasında kifayət qədər qarşılıqlı inam mövcuddur. 2021 ci ildə Gürcüstanda “Caucasus report” tərəfindən aparılan araşdırma göstərir ki, iştirakçıların 75% i azərbaycanlılarla işguzar münasibətdə olmağın tərəfdarıdır[2]. Eyni sorğu Azərbaycanda sonuncu dəfə 2013 cü ildə keçirilmişdir və 78% lik göstərici ortaya çıxmışdır.[3] Siyasi arenada isə Gürcüstan və Azərbaycanın bir çox sahədə əməkdaşlıq sazişləri mövcuddur. Həmçinin, Gürcüstan baş nazirlərinin seçildikdən sonra ilk yüksək səviyyəli səfərlərini Azərbaycana etməsi də adət halını almaqdadır. Azərbaycan-Gürcüstan münasibətlərinin pozitiv şəkildə inkişaf etməsinin müxtəlif səbəbləri mövcuddur. Bu səbəbləri ilkin olaraq təhsil, etnik azlıqların qorunması və qarşılıqlı asılılıq kimi göstərə bilərik. Belə ki, Gürcüstan daxilində gürcülərdən sonra demoqrafik olaraq ikinci denonim olan gürcüstan azərbaycanlıları, yaşadıqları yerdə Azərbaycan dilində təhsil ala, tam orta məktəbi bitirə bilərlər. Həmçinin, siyasi olaraq da Azərbaycan və Gürcüstanın etno-siyasi separatizmlə mübarizə əməkdaşlığı mövcuddur.Tərəflərin enerji sektorundakı əməkdaşlığı isə qarşılıqlı asılılıq şəraitinin yaranmasına gətirib çıxarır. Bütün bunlardan yola çıxaraq biz iddia edə bilərik ki, Azərbaycan-Gürcüstan münasibətlərinin müsbət şəkildə formalaşmasına etnik azlıqların mövcudluğu, həmçinin onların təhsil, vətəndaşlıq kimi hüquqlarının qorunması və qarşılıqlı iqtisadi asılılıq təsir edir.

Nəzəri çərçivə:

Ənənəvi beynəlxalq münasibətlər nəzəriyyələri və konseptləri ilə regiona dar baxış bizi Azərbaycan və Gürcüstanın münaqişəli vəziyyətdə olmalı olduğunu diktə edə bilər. Gəlin bu dar baxış deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyənləşdirək.

Struktural realizm:

Bu nəzəriyyənin əsas müddəası dövlətlərin öz varlıqlarını qorumaq üçün güc uğrunda mübarizə apardığını, bütün bu proseslərin gedişatını isə anarxik sistemin müəyyənləşdirdiyini qeyd etməsidir[4]. Bu nəzəriyyədən yola çıxsaq, Azərbaycan və Gürcüstanın yəni beynəlxalq güc bölgüsündə əhəmiyyəti olmayan ölkələrin xarici siyasətləri diktə əsasında qurulmalı, və müxtəlif mərkəzlərə yönələn bu iki dövlət bir-biri ilə münaqişəyə girməlidir. Lakin praktikada əksinin baş verdiyini görürük. Belə ki, Gürcüstan birbaşa Qərbə inteqrasiya və Rusiyadan uzaqlaşma siyasəti yürütdüyü bir vaxtda, ələxsus da Rusiyanın 2008 avqust müdaxiləsində Azərbaycanın Gürcüstanı məhdud çərçivədə dəstəklədiyini görürük. Bunlardan əlavə Azərbaycan və Gürcüstanın əməkdaşlığının hər iki tərəfin iqtisadi təhlükəsizliyinin təmin olunmasında açar rol oynadığını önə sürmək heç də yanlış olmazdı.

Neoliberalizm:

Neoliberalizmin əsas 3 müddəası: İnsitutsional (təşkilati), “interdependence” (qarşılıqlı asılılıq), demokratiya nəzərdə tutulur. Əslində biz Azərbaycan-Gürcüstan münasibətlərində institutsional və qarşılıqlı asılılıq tendensiyalarına rast gələ bilərik. Demokratiya məsələsinə gəldikdə Azərbaycanın avtoritarizmə meyl etməsi və Gürcüstanın demokratik idarəçiliyi üst üstə düşməsə də, Azərbaycan-Gürcüstan münasibətlərində əsaslı rola malik olan neft və qaz kəmərləri qarşılıqlı asılılıq, bunun GUAM kimi təşkilatda əks olunması isə institutsional hesab oluna bilər.

Post-strukturalizm (sosial konstruktivizm):

Daha bir nəzəriyyə olan sosial konstruktivizm mövqeyindən regionun münasibətlərinə qısaca baxsaq bu mənzərəni görə bilərik. İlkin olaraq qeyd edək ki, bu yanaşmanın əsas mütəxəssislərindən sayılan A.Wendt 3 cür anarxiya forması irəli sürür: Hobbs, Lokk və Kant anarxiyası. Qısaca desək: Hobbs -dövlətlər birbirini məhv etmək üçün münaqişəyə girir, Lokk-Dövlətlər münaqişəyə girir, lakin daha dəqiq məqsədlər üçün və nizamlı formada. Kant - Qarşılıqlı asılılıq və rejimlərə əsaslanan əməkdaşlıq xarakteri daşıyır[5]. Buradan yola çıxaraq Azərbaycan-Gürcüstan münasibətlərində Kant anarxiyasının, Azərbaycan-Ermənistan münaqişəsində isə Lokk anarxiyasının hökm sürdüyünü irəli sürə bilərik.

Sivilizasiyaların toqquşması:

İki fərqli dövləti etno-siyasi fərqlilik çərçivəsindən müqayisə aparan zaman S.Hantinqtonun “Sivilizasiyaların toqquşması” konseptinə də nəzər salmaq lazımdır. Belə ki, kifayət qədər sensasiyaya səbəb olmuş S.Huntinqtonun “Sivilizasiyaların toqquşması” nəzəriyyəsinə əsasən “ideologiyadan sonrakı” dövrdə, yəni kommunizmin məğlubiyyətindən sonra münaqişələr Qərb və digərləri arasında baş tutacaq, İslam dünyası aqressivləşərək Qərblə və ətrafı ilə toqquşmaya gedəcəkdir.[6] Həmin konseptdəki geosiyasi bölgüyə nəzər salsaq, Gürcüstan və Ermənistanın ortodoks sivilizasiyasına, Azərbaycanın isə İslam sivilizasiyasına aid edildiyini görə bilərik. Kitabın içərisində hətta, toqquşma nümunəsi kimi Azərbaycan-Ermənistan münaqişəsindən də söz açılır. Burada sual ortaya çıxır, nə üçün hər ikisi ortodoks sivilizasiyasına aid olduğu halda, Azərbaycan Ermənistanla münaqişəli vəziyyətdə olur, Gürcüstanla isə xoşməramlı birgəyaşayış içərisindədir? Huntinqton aramızda olsa idi, əminəm ki bu suala dolğun cavab verə bilərdi, buna baxmayaraq yazının önümüzdəki hissələrində öncə qeyd etdiyimiz məsələlərə toxunaraq məsələyə aydınlıq gətirməyə çalışacayıq.

1. Təhsil:

Azərbaycan və Gürcüstan cəmiyyətlərinin bir biri ilə münasibətlərində təhsil açar faktorlardandır.Etnik azlıq hüquqlarından danışan zaman ilk vurğulanan məsələrdən olan ana dilində təhsil hüququ tərəflər tərəfindən təmin olunur. Gürcüstanda 2005 ci ildə qəbul olunmuş “Təhsil haqqında qanunda” bu öz əksini tapır: Ana dili gürcü dili olmayan Gürcüstan vətəndaşları öz dillərində qanunvericilikdə nəzərdə tutulduğu kimi milli tədris planına uyğun olaraq tam orta təhsil almaq hüququna malikdirlər.[7] Azərbaycanın “Təhsil haqqında qanununda[8]” isə belə bir maddə yoxdur, lakin tədris dili haqqında maddədə qeyd olunur: Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Başqa dildə təhsil haqqında isə bu maddə mövcuddur: Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.

Qanunverici əsasa baxdığımıza görə indi praktikada necə olduğuna nəzər salaq:

Həqiqətən də Gürcüstan vətəndaşı olan azərbaycanlıların üstünlük təşkil elədiyi vilayətlərdə azərbaycandilli məktəblər mövcuddur. Mediaya verilən məlumatlara əsasən hal hazırda əksəriyyəti Kvemo-Kartli əyalətində olmaqla Gürcüstanda 116 azərbaycandilli məktəb fəaliyyət göstərir. 2020-2021 ci ildə isə 25312 şagird Azərbaycan dilində təhsil almışdır[9]. Qeyd etməlyik ki, sözügedən azərbaycandilli məktəblərin dərslikləri Azərbaycan Respublikası tərəfindən təmin olunur və tədris prosesində gənclərin gələcəkdə gürcü cəmiyyətinə inteqrasiya edə bilməsi üçün gürcü dilinin 2-ci dil kimi tədrisi məcburidir. Azərbaycanda isə vəziyyət biraz fərqli xarakter daşıyır. Azərbaycanın Elm və Təhsil nazirliyinin 2022dəki hesabatına əsasən respublikada gürcü dilində 108 sinifdə olmaqla 1119 şagird təhsil almışdır. Azərbaycanda gürcü-ingiloy etnik azlığın fərdlərinin azlığını nəzərə alsaq bu statistika başa düşülən olacaqdır. Son olaraq qeyd edək ki, Azərbaycan və Gürcüstanın “təhsil nazirlikləri” arasında daimi görüşlər keçirilir, sonuncu 2022 ci ildə olmaqla əməkdaşlıq sazişləri imzalanır.[10] Bütün bunlar birgəyaşayışda ən önəmli amillərdən olan təhsil sahəsində tərəflərin uğurlu əməkdaşlıq etdiyinə dəlalət edir. Bu uğurlu əməkdaşlıq nəticəsində bir birinin dilini və mədəniyyətini öz mədəniyyəti ilə birgə öyrənən icmalar arasında inam vəziyyəti formalaşır.

2. Dövlətlərin etnik tərkibi:

Statistik göstəricilər: Azərbaycanda son dəfə 2019 cu ildə keçirilən əhali siyahıya alınmasına görə əhalinin 9,436,100 nəfəri-94.8% azərbaycanlı, 8400 nəfəri-0.1% əsasən Qax və həmsərhəd rayonlarda məskunlaşmış gürcülərdir. [11]

Gürcüstanda isə 2014 cü ildə keçirilmiş etnik azlıqlara görə əhali siyahıya alınmasında göstəricilər belədir: Əhalinin 3,224,564 nəfəri-86.8%-i gürcü olmaqla, azərbaycanlılar 233,024-6.3%-lə ikincilik təşkil edir.

Buradan bizə aydın olur ki, Azərbaycanın tərkibində gürcü xalqı mövcud olsa da bu mövcudluq özünü demoqrafiyada minimal səviyyədə əks etdirir. Əksinə, Gürcüstanda isə azərbaycanlılar gürcülərdən sonra ən çoxsaylı əhali qrupudur. Gəlin, bu əhali qruplarına dövlətlərin siyasətinə nəzər salaq.

Azərbaycan Respublikasında etnik azlıqların hüquqları [12]konstitutsion əsasda müdafiə olunmaqdadır. Belə ki, konstitutsiyanın 25 ci maddəsində qeyd olunur: 25.3:Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Bundan əlavə Azərbaycanın Multikulturalizm-dövlət siyasəti xətti də mövcuddur, hansı ki, etnik azlıqların hüquq və azadlıqlarının təmin olunmasına əsaslanır. Lakin, bütün bunlara baxmayaraq Azərbaycanın etnik-azlıqlara istiqamətdə assimilativ siyasət yürütdüyünü, hüquqlarının təmin edilməsində problemlərin olduğu vurğulanır. Nümunə olaraq Avropa Şurasının “etnik azlıqların müdafiəsi çərçivə konvensiyası üzrə məşvərət komitəsinin” 4 cü məsləhət paketində [13]vurğuladığı Qaxda məskunlaşan gürcü icmasının yeni kilsələrin açılması və ibadət üçün vaxt limitləri qoyulması problemlərini sadalamaq olar.

Bəs Gürcüstanda vəziyyət necədir?

Azlıqların hüquqlarının əsası Gürcüstanda da Azərbaycandakı ilə oxşarlıq təşkil edən Konstitutsiya maddəsi ilə təsbit olunmuşdur. Bu maddə: 11. Bütün şəxslər qanun qarşısında bərabərdir. İrqinə, rənginə, cinsinə, mənşəyinə, etnik mənsubiyyətinə, dilinə, dininə, siyasi və ya digər baxışlarına, sosial mənsubiyyətinə, əmlakına və ya tituluna, yaşayış yerinə və ya hər hansı digər əlamətinə görə hər hansı ayrı-seçkilik qadağandır.

Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsip və normalarına və Gürcüstan Qanunvericiliyinə uyğun olaraq, Gürcüstan vətəndaşları etnik, dini mənsubiyyətindən və dilindən asılı olmayaraq öz mədəniyyətlərini qorumaq və inkişaf etdirmək, habelə öz ana dillərini heç bir ayrı-seçkiliyə məruz qalmadan şəxsi və ictimai həyatda istifadə etmək hüququna malikdirlər.

Gürcüstandada azlıqların hüquqlarının təmin olunmasında bir sıra problemlər mövcuddur. Bunlardan ən çox vurğulananı yeni məscidlərin tikilməsinə yaradılan maneələrdir. Əlavə olaraq, Gürcüstan azərbaycanlılarının soyad dəyişmək, dövlət dilini öyrənmək və ictimai sferada təmsil olunmaq kimi problemləri də müvafiq vətəndaş cəmiyyəti tərəfindən çatdırılmışdır.[14]

Sadalanan problemlərə baxmayaraq, Azərbaycan və Gürcüstan icmalarının sülh içərisində birgəyaşayışı daima dövlətlərin xarici siyasət kurslarına təsir edən amillərdən olmuş, dövlət rəsmilərinin çıxışlarında, səfərlərinə xüsusi diqqət ayırılmışdır. Əslində, bu uğurun səbəbini etnik azlıq kontingentinin assimetrik olması ilə əsaslandırmaq olar. Belə ki, yuxarıda qeyd olunan statistikanın da göstərdiyi kimi, Gürcüstanda azərbaycanlıların sayı kifayət qədər çox saylı olsa da, Azərbaycanda gürcülərin demoqrafik payı oxşar deyil. Bu nəticədə Gürcüstanın azərbaycanlılara həssas yanaşmasının azərbaycanlıların onlardan fərqli xristian-avropa sivilizasiyasına aid olan Gürcüstanı təhdid kimi görməsinin qarşısını alır. Münaqişəli vəziyyət olan Azərbaycan-Ermənistan nümunəsində isə etnik azlıqların simmetrik olması sonda tərəflərdən birinin mərkəzdən dəstəklənən separatizmə əl atması, digərinin isə ərazini kütləvi tərk etməsi ilə nəticələnmişdi. 90-cı illər Gürcüstanına nəzər salsaq, millətçi Qamsaxurdia hökümətinin “gürcülər üçün Gürcüstan” diskursunun Abxaziyada üsyanlarla nəticələndiyini, Kvemo-Kartli ərazisində isə azərbaycanlılarla gərginliyin artdığını irəli sürmək olar. Lakin, sonda tərəflərin hökümət dairələrinin səyləri nəticəsində bu gərginlik azaldılmış, Şevarnadze-Əliyev tandemi arasında münasibətlər müsbət şəkildə davam etmişdir. Azərbaycan Ermənistanı çevrələmək üçün Gürcüstanın ən əlverişli yol olduğunu dərk edərəkdən Gürcüstan azərbaycanlılarının qızışdırılmasının yaxud hər hansı irredentist ideyaların cəmi-sıfıra bərabər olacağı nəticəsinə gəlmişdir. Bir sonrakı paraqrafda biz bura qədər gəldiyimiz nəticələrdən yola çıxaraq Gürcüstan-Azərbaycan münasibətlərindəki aparıcı xarici amil olan qarşılıqlı asılığa toxunacayıq.

3. Qarşılıqlı asılılıq:

Liberal sülh nəzəriyyəsinin əsas müddəalarından biri olan qarşılıqlı asılılığı (bax: Kant üçbucağı) biz Azərbaycan-Gürcüstan münasibətlərində müşahidə edə bilərik. İlk öncə qarşılıqlı asılılıq deyəndə nəyi nəzərdə tutduğumuzu müəyyənləşdirək: Neoliberal paradiqmanın termini olan Qarşılıqlı asılılıq konsepti (complex interdependence) R.Keohane və J.Nye tərəfindən ortaya atılmışdır. İrəli sürülən fikrə görə qloballaşma və beynəlxalq ticarətin artması ilə beynəlxalq münasibətlərin formalaşması “yuxarı siyasət”- təhükəsizlik və sağ qalma məsələlərindən “aşağı siyasət”- iqtisadi və sosial məsələlərinə keçməkdədir.[15]bu tendensiyanın inkişafı, hazırda və gələcəkdə baş verən yaxud potensial münaqişələrin qarşısını almalıdır. Çünki, rasional aktor olan dövlətlər müharibənin hər iki tərəf üçün dağıdıcı olduğunu dərk edər və bir biri ilə əlaqədə olarlarsa, “məhbus dilemmasından” qurtula bilərlər.

Bəs Azərbaycan və Gürcüstan münasibətlərində qarşılıqlı asılılıq özünü necə biruzə verir?

İlkin olaraq biz Azərbaycan tərəfindən nəqliyyat dəhlizlərini vurğulamalıyıq. Böyük neft və qaz ehtiyatlarına malik olan Azərbaycan Respublikasının okeanlara və dənizlərə birbaşa çıxışı yoxdur. Yanar təbii ehtiyatlara isə Qərb dünyasının ehtiyacı var. Azərbaycanın indiki halda Qərbə resurs çıxışı üçün 1 əlverişli variantı mövcuddur. Rusiya və İran sanksiyalar səbəbindən siyahıdan çıxarılır, Ermənistanla isə münaqişəli vəziyyət Azərbaycanı Gürcüstanla əməkdaşlıq etməyə məcbur edir. Beləcə, 1999 cu ildən fəaliyyətə başlayan Bakı-Supsa neft kəməri ilə Azərbaycan neftinin qərb bazarlarına çıxarılması prosesi başlanmışdır. Daha sonra bu lahiyələr 2006 cı ildə fəaliyyətə başlayan Bakı-Tbilisi-Ceyhan və 2007 dən fəaliyyətə başlayan Bakı-Tbilisi-Ərzurumla davam etdi. TANAP və TAP lahiyələri də öz növbəsində Azərbaycanın neft strategiyasında önəmli rol oynamağa davam edir. Bütün bu sözü gedən lahiyələrin keçdiyi coğrafiyaya nəzər salsanız, hamısının Gürcüstan ərazisindən keçdiyini görərsiniz. Gürcüstan icazə vermədiyi təqdirdə bu lahiyələrin heç biri baş tuta bilməzdi. Azərbaycan, Türkmənistan kimi, təbii resurslarını qonşularına ucuz qiymətə satmaq məcburiyyətində qala bilərdi. Neft və Qaz kəmərlərin önəmini anlamaq üçün daha bir statistika: 2022 ci ilin statistikasına əsasən Azərbaycanın ixrac gəlirlərinin: 92.5%-ni və ÜDM-un 47.8%i neft və qaz sektoruna məxsusdur.[16]

Gürcüstanın buradan qazancı nədir? İlkin olaraq Gürcüstanın Rusiya ilə münaqişəli vəziyyətini nəzərə alsaq, Azərbaycandan neft və qazın alınması Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Bunlardan əlavə Gürcüstan Azərbaycanın neft və qaz qiymətlərində ona təklif etdiyi güzəştli şərtlərdən kifayət qədər istifadə edir. Son olaraq da qeyd edə bilərik ki, Gürcüstanda ən böyük vergi ödəyicilər və investorlar siyahısında “SOCAR Georgia” başda olmaqla Azərbaycan şirkətləri önəmli yer tutur.[17] Buradan biz Gürcüstan-Azərbaycan qarşılıqlı asılılığının kifayət qədər möhkəm əsasları olduğunu görürük. İddia oluna bilər ki, Azərbaycan resurs mənbəyi ölkə kimi daha üstün mövqedədir, lakin Gürcüstan üçün Azərbaycan cənubdan mümkün təhdidlərə qarşı müdafiə qalxanı, həm coğrafi, həm siyasi, həm də iqtisadi cəhətdən Mərkəzi Asiyaya və müsəlman dünyasına körpü rolu oynayır, enerji resursları sayəsində isə iqtisadi sabitliyə töhfə verir. Azərbaycan üçün Gürcüstan Avropaya əsas tranzit marşrutu, şimaldan mümkün təhdidlərə qarşı qoruyucu qalxan və Avropanın Cənubi Qafqaz ölkələri ilə qarşılıqlı əlaqəsinin qarantıdır[18].

Nəticə:

Bu məqalədə qeyd olunanlardan bizə həqiqətən aydın olur ki, Azərbaycan-Gürcüstan münasibətlərinin pozitiv sülh şəratində, kant anarxiyası bazisində formalaşmasına təhsil, etnik azlıqların qorunması və qarşılıqlı iqtisadi asılılıq təsir edir. Müxtəlif nəzəriyyələrdən yanaşma, ələxsus da “Sivilizasiyaların toqquşması”na əsasən müxtəlif sivilizasiyalara aid bu iki ölkənin münaqişəli vəziyyətdə olmalı olduğunu diktə etməyinə baxmayaraq biz münaqişənin yoxluğunu müşahidə edirik. Təhsil sektorunda çoxillik əməkdaşlıq, Gürcüstan azərbaycanlılarının Gürcüstanda və gürcü-İngiloyların Azərbaycanda öz dillərində təhsil ala bilmələri bilavasitə icmalar arası dialoqun formalaşmasına və dolayısı ilə də əməkdaşlığın davamlı olmasına siraət edir. Etnik azlıqların hüquq və azadlıqlarının qorunması, bəzi məhdudiyyətlərə baxmayaraq dini etiqad və özünü ifadə azadlığının olması da tərəflərin kooperasiyasına və qarşılıqlı inam şəraitinin mövcudluğuna gətirib çıxarır. Etnik azlıqların asimmetrik xarakterinin münasibətlərə müsbət təzahürü vurğulanır. Həmçinin, hər iki tərəfin separatizmdən əziyyət çəkdiyini nəzərə alsaq hər iki tərəfin bu mövzuda həssaslığı ortaq fəaliyyət göstərmələrinə gətirib çıxarır. Son olaraq da qarşılıqlı asılılıq vurğulanır ki, bu xüsusda hər iki tərəfin bir-birinin təhlükəsizlik sistemində aparıcı rol oynadığını qeyd edə bilərik. Azərbaycanın enerji dəhlizlərinin Gürcüstandan keçməsi və Gürcüstanın Avropaya qapı rolunu oynaması Azərbaycan üçün, enerji resurslarının əldə edilməsində Rusiyaya əlverişli alternativin olması və Türkiyə, Mərkəzi Asiya ilə münasibətlərdə aparıcı rol oynaması da Gürcüstan üçün strateji tərəfdaşlıq və dostluq siyasətinin formalaşdırılmasında fundamental rol oynayır. Bunlardan hansının aparıcı rol oynadığını deyə bilməsək də, hər üçünün qarşılıqlı təsirdə olduğunu qeyd edə bilərik.

 


[1] AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ (1918-1920) /Parlament (Stenoqrafik hesabatlar) I cild/ 331

[2] https://caucasusbarometer.org/en/cb2021ge/BUSINAZE/

[3] https://caucasusbarometer.org/en/cb2013az/BUSINGEO/

[4] K.Valtz /Beynəlxalq siyasət nəzəriyyəsi/ 1979

[5] A. Vendt/ Beynəlxalq siyasətin sosial nəzəriyyəsi/1999

[6] S.Hantinqton/ Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən təşkili/1996

[11] Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi/Əhalinin etnik tərkibi/2019

[12] (Azərbaycanda etnik azlıqların hüquqları haqqında ətraflı:K.Qayıbov.(2023) Azərbaycanda etnik azlıqların hüquqlarının tənzimlənməsi.Bakı Research Institute)

[14] The International Covenant on Civil and Political Rights: Violations by Georgia of the rights of the ethnic minority Azerbaijani community/2022

[15] R.Keoheyn, C.Nay/ Güc və qarşılıqlı asılılıq/1977

[18] (Shiriyev.Z & Kakachia.K (2013) Azerbaijani-Georgian relations: The foundations and challenges.) SAM Review Special Double Issue | Volume 7-8, July 2013 p.14


DİGƏR YAZILAR