Politicon.co
Kimliklərarası toqquşmadan imperiya mirasına: Dağlıq Qarabağ münaqişəsinə tarixi baxış

Giriş
Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun ən mürəkkəb və uzunmüddətli münaqişələrindən biri kimi həm regional sabitlik, həm də beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu münaqişə yalnız ərazi iddiaları və etnik gərginliklərlə məhdudlaşmır, eyni zamanda keçmiş imperiya siyasətləri, kollektiv yaddaş və böyük güclərin geosiyasi maraqları ilə dərin şəkildə bağlıdır. Belə bir kontekstdə münaqişəni anlamaq üçün yalnız hadisələrin səthi xronologiyasına əsaslanmaq kifayət etmir; onun tarixi köklərinin, struktur amillərinin və ideoloji çərçivələrinin təhlili vacibdir.
Bu tədqiqatda Dağlıq Qarabağ münaqişəsinin yaranmasına və inkişafına təsir edən tarixi amillər üç nəzəri çərçivə: realist, neomarksist və konstruktivist yanaşmalar əsasında təhlil edilir. Məqsəd hər bir yanaşmanın münaqişənin fərqli aspektlərini necə izah etdiyini göstərmək və bu yanaşmaların tarixi kontekstdə nə dərəcədə əhəmiyyətli olduğunu ortaya çıxarmaqdır. Tədqiqat tarixi təhlil metoduna əsaslanaraq, hadisələrin ardıcıllığını deyil, onların arxasında duran mexanizmləri anlamağa çalışır. Beləliklə, münaqişənin yalnız keçmişini deyil, onun müasir transformasiyalarını və gələcək perspektivlərini də analiz etmək mümkün olur.
Əsas hissə
Münaqişənin analizi zamanı ilk nəzər yetirilməli olan yanaşma realist nəzəriyyəsidir. Realist nəzəriyyə beynəlxalq münasibətlərdə dövlətlərin davranışlarını əsasən güc balansı və maraqlar əsasında izah edir. Dağlıq Qarabağ münaqişəsi kontekstində realist yanaşma münaqişəni regional güclərin bölgədəki maraqları və qarşılıqlı güc balansı çərçivəsində izah edir. 1921-ci ildə imzalanmış Moskva və Qars müqavilələri çərçivəsində DQMV-nin yaradılması həm Azərbaycanın, həm də Ermənistanın narazılığına səbəb olmuş və bölgədə gərginliyin rəsmi strukturlaşdırılmasına gətirib çıxarmışdır. Bu yanaşma münaqişəni, əsasən, geosiyasi dinamikalar və regional hegemonluq uğrunda rəqabət prizmasından təhlil edir.
Realizm nəzəriyyəsinə görə beynəlxalq münasibətlərdə əsas rol qüvvələrin balansına verilən önəm daşıyır və dövlətlər öz maraqlarını qorumaq üçün rəqabət aparırlar. Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin fonunda Rusiya, Türkiyə və Osmanlı imperiyası kimi xarici güclərin regional nüfuz uğrunda mübarizəsi münaqişənin yaranması və şiddətlənməsi üçün əsas səbəb kimi ortaya çıxır. Bu xarici güclərin qarşılıqlı təsirləri və tarixi maraqları bölgədə sabitliyi pozmuş, yerli əhali arasında etnik və siyasi gərginliyi artırmışdır (Remler, 2016, p. 17).
1921-ci ildə Rusiya və Türkiyə arasında imzalanan Moskva və Qars müqavilələri Cənubi Qafqazın siyasi xəritəsini ciddi şəkildə dəyişdirdi. Bu müqavilələr nəticəsində DQMV yaradıldı və bu yeni siyasi quruluş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində narahatlıqlara səbəb oldu, xüsusilə Ermənistan tərəfindən ciddi etirazlarla qarşılandı. DQMV-nin təşkili və müqavilələrin sərhəd qərarları etnik və kimliklərarası toqquşmaların alovlanmasına zəmin yaratdı, beləliklə, bu tarixlərdən başlayaraq münaqişənin sonrakı eskalasiyası qaçılmaz oldu. Bu proses imperiya mirasının regional siyasətə və kimliklərarası münaqişələrə necə təsir etdiyini göstərən mühüm tarixi nümunədir.
Neomarksist yanaşma kontekstində Dağlıq Qarabağ münaqişəsinin təhlilində asılılıq konsepsiyasına üstünlük vermək məqsədəuyğundur. Bu yanaşmaya görə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) mərkəz kimi dominant rol oynayır, Azərbaycan və Ermənistan isə onun periferiya bölgələri hesab olunur. Belə bir quruluşda SSRİ öz maraqlarını qorumaq və regionu nəzarətdə saxlamaq üçün münaqişəni təşviq etmiş və Dağlıq Qarabağ məsələsini əhatə edən gərginliyi manipulyasiya etməklə Azərbaycan və Ermənistanı öz təsiri altında saxlamışdır. SSRİ dövründə münaqişə tərəflərinin milli, iqtisadi və siyasi ehtiyaclarının boğulması, onların özünüifadə imkanlarının məhdudlaşdırılması, münaqişənin sonrakı eskalasiyasında mühüm amil olmuşdur. Bu yanaşma münaqişəni yalnız etnik zəmində deyil, həm də mərkəz- periferiya münasibətlərinin əsasında baş verən struktur asılılığı kimi qiymətləndirir.
Lakin neomarksist yanaşmaya qarşı olan arqumentlər də mövcuddur. SSRİ- nin 1980-ci illərdə Dağlıq Qarabağda yaranmış münaqişə vəziyyətini effektiv idarə etməkdə aciz olması bu yanaşmanın əsas zəif nöqtələrindən biridir (Ekici, 2017, s. 66). Bundan əlavə, 1991-ci ildə Dağlıq Qarabağ rəhbərliyinin SSRİ-ni vasitə kimi istifadə edərək münaqişənin eskalasiyasında maraqlı tərəf kimi çıxış etməsi, münaqişənin sadəcə mərkəzdən asılılıq və manipulyasiya deyil, həm də yerli aktorların öz siyasi məqsədləri üçün müraciət etdiyi strateji oyunlar kimi başa düşülməsinin vacibliyini göstərir (Kazbek, 2022). Bu isə münaqişənin daha mürəkkəb və çoxölçülü xarakterini vurğulayır.
Konstruktivist yanaşma münaqişənin səbəblərini anlamaqda kimlik və kollektiv tarixi yaddaşın əhəmiyyətini ön plana çıxarır. Bu yanaşmaya görə milli kimliklər yalnız sosial konstruktlar kimi formalaşır və qarşılıqlı münasibətlərdə dinamik şəkildə dəyişir. Dağlıq Qarabağ münaqişəsi kontekstində milli kimlik məsələsi xüsusilə önəmlidir. Məsələn, Azərbaycan millətçiliyinin erməni millətçiliyinə, erməni millətçiliyinin isə türkçülüyə reaksiya olaraq formalaşdığı fikri irəli sürülür. Bu əks millətçilik formaları arasında ziddiyyət hər iki tərəfin intellektualları və siyasi liderlərinin mövqeləri vasitəsilə daha da dərinləşmişdir və qarşılıqlı düşmənçiliyin möhkəmlənməsinə səbəb olmuşdur (Waal, 2005, s. 12-13).
Konstruktivist yanaşmada kollektiv tarixi yaddaş da münaqişənin yaranmasında əsas rol oynayır. Burada tarix boyu qarşılıqlı ziddiyyət və faciəvi hadisələrdən yaranan xatirələr münaqişə tərəfləri arasında güclü emosional və identifikasiya əlaqələri yaradır. Məsələn, 1905-1906-cı illərdə və 1918-ci ildə ermənilərin müsəlmanlara qarşı törətdiyi qətliamlar, eləcə də 1915-ci ildə Osmanlı imperiyasında ermənilərə qarşı həyata keçirilmiş hadisələr kimi kollektiv yaddaşda dərin iz buraxmış faciələr qarşılıqlı etimadsızlığı artırmış və münaqişənin dərinləşməsinə təsir etmişdir. Bu tarixi xatirələr hər iki tərəfin kimlik siyasətində istifadə olunaraq, düşmən obrazının yaradılmasına və siyasi mobilizasiyaya səbəb olmuşdur.
Son nəticə olaraq, Dağlıq Qarabağ münaqişəsinin səbəblərini izah edən bu üç nəzəri yanaşmanın hər biri müxtəlif səviyyələrdə dəyərli analitik imkanlar təqdim edir. Realist yanaşma münaqişənin beynəlxalq güclərarası münasibətlər sistemindəki rolunu və strateji maraqlar üzərində qurulduğunu göstərir. Neomarksist yanaşma isə postkolonial asılılıqlar və sovet imperiyasının mərkəz- periferiya münasibətləri fonunda məsələni qiymətləndirir. Ən nəhayət, konstruktivist yanaşma milli kimlik, tarixi yaddaş və etnik narrativlər kimi qeyri-maddi amillərin münaqişənin formalaşmasında və davam etməsində necə önəmli rol oynadığını vurğulayır. Müasir mərhələdə realist və konstruktivist elementlər hələ də münaqişənin davamlı təsir göstərən əsas faktorları kimi qalır. Gələcəkdə davamlı sülhün qurulması üçün yalnız realist maraqlar deyil, həm də kollektiv travmaların və kimliklərin qarşılıqlı anlaşma yolu ilə transformasiyası vacib olacaqdır.
Nəticə
Nəticədə, hazırkı situasiyada realist və konstruktivist yanaşmalar Dağlıq Qarabağ münaqişəsində özünü göstərsə də, neomarksist yanaşma isə demək olar ki müşahidə olunmur. Realist yanaşmaya aid olan məsələdə isə dəyişiklik baş vermişdir: Rusiyanın Ermənistana dəstəyinin azalması. Konstruktivist yanaşmada dəyişiklik az olmuşdur. Ümumiyyətlə, münaqişənin yaranması və inkişafında əsas rolu konstruktiv yanaşmadakı məsələlər tutmuş, realist və neomarksist yanaşmalardakı məsələlər isə münaqişənin daha da şiddətlənməsinə gətirib çıxarmışdır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında və Dağlıq Qarabağda həyata keçiriləcək sülh quruculuğunda konstruktiv yanaşmaya üstünlük verilməsi və realist yanaşmanın nəzərə alınması lazımdır.
Ədəbiyyat siyahısı
Ekici, Y. (2017). Azerbaycan ve Ermenistan arasında bitmeyen Dağlık Karabağ sorunu. VAKANÜVİS- Uluslararası Tarih Araştırmaları Dergisi, 2(1), 62-77.
Kazbek, B. (2022). Historicising the war in Nagorno Karabakh. The Defence Horizon Journal.
Remler, P. (2016). Chained to the Caucasus: peacemaking in Karabakh, 1987- 2012. New York.
Waal, T. d. (2005). The Nagorno Karabakh conflict: origins, dynamics and misperceptions. Accord(17), 12-17.
Qeyd: Bu məqalə Politicon yazı müsabiqəsi çərçivəsində hazırlanmışdır.
- ETİKETLƏR :
- Cənubi Qafqaz
- münaqişə
- Qarabağ
- sülh