Politicon.co

Piri Rəis və onun sirli xəritəsi

Piri Rəis və onun sirli xəritəsi

Tarix 1465-ci il – İstanbulun fəthindən cəmi on iki il sonra. Hacı Məhəmməd və onun ömür-gün yoldaşı, həmin vaxt onların ailəsində böyüyən övladları Əhməd Mühittin Pirinin gələcəkdə dünyanın ən istedadlı, ağıllı və cəsur dənizçilərindən biri olacağından xəbərsiz idilər. Muhittini hələ uşaqikən dənizlərin böyüklüyü, əzəməti çox heyran etmişdi. O, yenicə dəniz səfərlərinə başlayanda nə görürdüsə, diqqətlə müşahidə edir və ilk dəfə gördükləri haqqında qeydlər aparırdı. İyirmi doqquz yaşında ikən əmisi ilə birlikdə Osmanlı donanmasında rəsmi xidmətə başlayır. Coğ-rafiyaya həddən artıq diqqət yetirir və əsasən kartoqrafiya ilə maraqlanırdı. Səfərləri zamanı gördüklərini o, sonralar “Kitabül-Bəhriyyə” adlı əsərində geniş surətdə qələ-mə aldı. Bir vaxtdan sonra birgə səfərlərə çıxdığı sevimli əmisi vəfat etdi və Muhittin Piri qırx altı yaşında ikən dənizçilikdən az müddət ərzində uzaqlaşıb Gəliboluya köçdü. Əmisinin ölümündən çox keçmədi ki, o yenidən sevimli peşəsinə qayıtdı və ona kapitan vəzifəsinə bərabər tutulan Rəis fəxri adı verildi. Bu zaman o, artıq Piri Rəis kimi tanınıb, məş-hurlaşmışdı.

1511-ci ildə Piri Rəis Aralıq dənizində həyata keçirdiyi bir çox səfərlərdən sonra dənizçiliklə bağlı Osmanlı donanmasına çox töhfələr verməyə başladı. Bunun üçün o, gecə-gündüz çalışır, təxminən iki il sonra, 1513-cü ildə möhtəşəm, dünyada məşhur olan işini – dünya xəritəsini hazırlayır. Məlumdur ki, ilk dünya xəritəsi çox sadə halda vaxtilə Babillilər tərə-findən daş lövhə üzərinə çəkilmişdir. İllər keçdikcə səyyahların yeni-yeni kəşfləri və coğrafi uğurları nəticəsində isə sonralar daha təkmil, yeni xəritələr meydana gəldi. Fəqət, bunların heç biri Amerika qitəsinin də daxil olduğu dünya xəritəsini tam olaraq əks etdirmirdi. Ta ki, Piri Rəisin xəritəsinə qədər.

Onun ceyran dərisi üzərində hazırladığı xəritə Avropa və Afrikanın qərb sa-hilləri ilə, Şimali Amerikanın kiçik bir hissəsi və Cənubi Amerikanın böyük bir his-səsi də daxil olmaqla, şərq sahillərini göstərəcək şəkildə doqquz fərqli rəngdə çəkilmiş, 65x90 ölçüsündə idi. Sağ tərəfindən də göründüyü kimi, xəritə düz bir xətt üzrə bölünmüşdür. Kimiləri xəritənin ümumi olaraq iki, kimiləri isə on altı parça olduğunu iddia edirdilər. Xəritə üzərində kiçikli, böyüklü otuz fərqli qeyd var. Bundan əlavə, doqquz gəmi, bir qayıq və iyirmiyə yaxın heyvan, quş şəkli çə-kilmişdir. Heyvan rəsmlərindən bəziləri deformasiyaya uğramışdır. Xəritə çəkildikdən sonra sirli bir şəkildə yox olur, ta ki 1900-cü illərin əvvəllərində, yəni dörd əsr sonra yenidən ortaya çıxana qədər. Xəritəni əsrarəngiz edən isə, kəşf edilməmiş yeni torpaqların, qəribə varlıqların təsvir olunmasıdır. Üstəlik, xəritə bənzərsiz bir prespektivlə çəkilmişdir. O dövrdə xəritələr daha çox simvolik ifadələrlə bəzədilib hazırlanırdı. Sahillər, adalar və limanlar arasındakı məsafələr təqribi göstərilirdi və dənizdə səyahət edən gəmilər bu nöqtələrə uyğun istiqa-mətlərini müəyyən edirdilər. Xəritə üzərində bir çox mürəkkəb xətlər çəkilmişdir. Bu xətlər kompasın xəritə üzərindəki istiqamətini göstərir. Yəni, bunlar istiqamət-ləndirici xətlər olub, hansı nöqtənin hara qədər uzandığını göstərən bir dənizçi dilidir. Piri Rəis də bu nöqtələri xəritədə ilk dəfə qeyd etməklə Osmanlı dövlətinə və onun donanmasına böyük uğurlar qazandırmışdır.

Xəritəyə baxdıqda Afrika qitəsini, Cənubi Amerika və Şimali Amerikanın bir bölümünü görürük. Fəqət, bugünün modern xəritələri ilə müqayisə etdikdə, Cənubi Amerika qitəsinin Piri Rəisinki ilə uyğun gəlmədiyi aydın olur. Çünkü qitənin cənub hissəsi şərqə doğru uzadılıb. Bəzilərinə görə, Piri Rəis xəritəsində Antarktida qitəsini təsvir etmişdir. O, Antarktidanın kəşfindən beş əsr öncə bu qitəni kəşf etmiş ola bilərdi? Əgər bu doğrudursa, Piri Rəis niyə Cənubi Amerikanı Antarktidaya birləşdirmişdi?

Professor Charles Hapgood, Piri Rəis xəritəsinin on minlərlə il bundan əvvəlki Antarktidayı əks etdirdiyini söyləyib. Charlesə görə Piri Rəisin xəritəsi Antarkti-danın buzluqlarla örtülməsindən əvvəlki halını göstərir. Antarktida qitəsinin o za-manlarda kəşfi imkansız idi. Çünkü məlum olan ən uzaq yer Afrikanın cənub hissəsi idi. Yəni, Piri Rəis Antarktida qitəsini çəkmiş ola bilməzdi. Xəritədə bunu etibarsız edə biləcək bir detal vardır. Diq-qətlə baxsaq, xəritənin əyri görünən uc hissəsi əslində Cə-nubi Amerikanın uc hissəsi ilə tamamilə eynidir. Belə ki, bu gün mövcud olan Marvillas adası tam, olduğu kimi eyni yerdə xəritədə təsvir edilib. Yəni bu hissə Antarktida yox, Cənubi Amerikanın qalan hissəsi kimi görünür. Bəs, o zaman Piri Rəis Cənubi Amerika qitəsini xətalı çəkmişdi? Qitənin alt hissəsi niyə şərqə doğru əyilmiş formada idi?

Tarixi mənbələrə görə, Papa V1 Aleksandr Portuqaliya və İspaniya arasında bölüşdürmə edəcəkdi. Onlar tərəfindən müstəmləkə edilən torpaqların bölüşdürül-məsi baş tutmalı idi. 7 iyun 1494-cü il tarixində Tortesillas müqaviləsi imzalandı. Və şimaldan cənuba sərhəd çəkildi. Buna La Raya xətti adı verildi. Bu xəttin şərqi Portuqaliyaya, qərbi isə İspaniyaya aid edildi. Lakin portuqallar daha çox torpaq əldə etmək üçün bugünkü Argentina sahillərini sərhədin şərqinə keçirdi. Mənbələrdən məlum olur ki, Piri Rəis bu müqavilə səbəbi ilə Argentina sahillərini şərqə doğru uzadaraq çəkmişdir. Hətta, Piri bunu xəritəsindəki bir qeyddə belə yazmışdır: “Por-tuqallar buradan günbatan tərəfinə keçə bilməzlər. O tərəf İspaniyaya aiddir.” Fəqət, bu iddia o qədər də gerçək sayılmır. Çünkü, müqavilədəki xəritəyə baxsaq, sərhəd xətti sadəcə uclarda deyil, Cənubi Amerikanın yarısından çoxunu əhatə etməkdədir. Üstəlik, həmin xəritənin Cənubi Amerikanın görünüşü ilə heç bir əlaqəsi yoxdur. Çünkü qərbdə yerləşən Amerika qitəsinin sərhədləri tam olaraq bilinmirdi. Lakin Piri Rəisin xəritəsindəki Cənubi Amerika günümüzdəkinə yetərincə bənzəyir. Yəni, buradakı qeyddə Piri Rəis digər vacib məlumatları nəzərə aldığı kimi, sadəcə İspaniya və Portuqaliyanın imzaladığı razılaşmadan bəhs edir. Cənubi Amerikanın xəritəsinə gəldikdə isə, Rəis bu hissəni ya xətalı çəkmiş, ya da bunun başqa bir izahı vardır. Adətən, xəritələr 3D forma-tında  olur. Bunu iki ölçülü bir müstəviyə köçürdük-də qitəninin alt hissəsinin şərqə doğru sürüşdüyünü görərik. Buna “azimutal proyeksiya” deyilir. Azi-mutal proyeksiya dünyanın bir nöqtəsindən yüksəl-dikdən sonra dünyanın o yüksəklikdən quş baxışı görünüşüdür. Misir, Qahirə mərkəzli azimutal xəri-təyə baxdıqda burada gördüyümüz Cənubi Amerika Piri Rəisin təsviri ilə eynidir.

İsveçrəli yazıçı Erich Van Daniken “Tanrıların arabaları” adlı kitabında Piri Rəisin adını çəkir və onun bu xəritəni yalnız yadpla-netlilərin köməyi ilə çəkə biləcəyi kimi bir qeyri-adi iddia ortaya çıxarır. Həqiqətən də, xəritənin o günün şərtləri ilə necə çəkildiyi bu gün də mübahisə mövzusudur.

Piri Rəis xəritənin aşağı sol hissəsində çəkilən rəsmlə bağlı məlumat vermişdir: “Bu yerlərə Atlantiya deyilir və burada böyüklü, kiçikli on minlərlə ada var. Burada gördüyünüz Kolumb xəritəsi mənim əlimə ispan əsiri vasitəsi ilə keçmişdir. Bu xəritədəki sahillər və adalar Kolumbun xəritəsindən götürülmüşdür. Kolumbun xə-ritəsində çox qəribə şeylər təsvir olunmuşdur. Onların bəzilərini burada qeyd etdim”. O, dolayı olasa da, Kolumbun xəritəsinə baxaraq çəkdiyini burada qeyd edir. Belədirsə, Piri Rəis Amerika qitəsini sadəcə başqa bir xəritəyə baxaraq çəkmişdirmi?

Piri Rəis 1517-ci ildə xəritəni dövrün padişahı Yavuz Sultan Səlimə bir səfərdən döndükdən sonra təqdim edir. Bu dünya xəritəsi Sultan Səlimi çox təəccübləndirir. Şayiələrə görə, Sultan Səlim bu xəritənin Avropa və Asiya hissələrinin başqalarının əlinə düşməsi qorxusu ilə xəritənin o hissələrini kəsib özündə saxlayır. Bəziləri, Pirinin xəritəni tək bir kağız üzərinə çəkdiyini iddia edir. Lakin xəritənin mütləq şəkildə çatışmayan parçası olduğunu, xəritə üzərində yarısı görünən yazılardan an-layırıq. Bəs qalan parça və ya parçalar nə qədər böyükdür? Ya da nə qədərdir? Bunu təxmin etmək üçün, xəritə üzərinə yerləşdirilən oriyentir nöqtələrinə diqqət etmək kifayətdir. Oriyentir nöqtəsi kompasla sahildə və ya dənizdə görünən sabit bir nöq-tənin istiqamətinin ölçülməsidir. Xəritədə iki böyük, üç kiçik olmaqla cəmi beş nöqtə vardır. Diqqət etsək, bunlar xəritədə bərabər məsafədədir. Yəni bunların davamı mütləq olmalıdır. Bunu nöqtələri bərabər birləşdirdiyimizdə cəmi on altı ədəd ori-yentir nöqtəsi olduğunu görərik. Bu eskizə baxmaqla həm də xəritənin nə qədər böyük olduğu aydın olur. Bundan da başqa, burada ümumilikdə, beş ya da altı par-çanın əskik olduğunu güman edə bilərik.

Qeyd edim ki, Yavuz Sultan Səlimin özündə saxladığını düşündüyümüz, Av-ropa, Asiya və Mesopotamiyanı əhatə edən xəritədə olanlar yetərincə maraqlıdır. Lakin mənim diqqətimi cəlb edən başqa bir məqam isə Piri Rəisin xəritəsindəki sirli varlıqlar və reallıqda mövcud olmayan bəzi adalardır.

    

Xəritənin yuxarı hissəsində təsvir olunanlardan başlayaq. Buradakı quş rəsm-lərinin tutuquşu olduğunu düşünürük. Onlar Şimali Amerikanın şərq hissəsində, əsasən adalarda olurlar. Piri Rəis bununla bağlı olaraq haşiyədə verdiyi qeyddə bəzi məlumatları çatdırır: “Bu ölkəyə Antilya deyilir. Günbatan tərəfdə yerləşir. Bu-rada dörd növ kiçik tutuquşu yaşayırmış: ağ, qırmızı, yaşıl və qara rənglərdə. Buradakı insanlar kiçik tutuqu-şunun əti ilə qidalanar, başlarını isə tutuquşunun lələk-ləri ilə bəzəyərmişlər. Onların ən qiymətli daşı qara məhək daşına bənzəyir. Yerli xalq balta əvəzinə “nacak” adlanan bu daşdan istifadə edirmiş. Çox sərtdir. Biz o daşı gördük”.

Tutuquşuların bölgəyə məxsusluğu və yerli xalqların onlardan istifadəsi barədə mənbələrdə məlumat verilmişdir. Xəritənin yuxarısında tərs çevrilmiş bir balıq və ya ola bilsin balina üzərində iki insan təsvir olunmuşdur. Qeyd olunması maraqlıdır ki, bu şəxslər balığın belində od qalayarkən təsvir olunmuşlar. Piri Rəis haşiyə qeyd-lərində bu hadisəni belə izah edir:

“Bir keşişin yeddi dənizi dolaşdığı söylənilir. Həmin keşiş və yoldaşları bir balığın üstünə çıxaraq oranı kiçik ada zənn etmiş, od qalayaraq bir müddət orda istirahət etməyi düşünmüşlər. Balığın beli yanmağa başlayanda isə o, dərhal suyun dərinliyinə enmişdir. Nəticədə, onlar çətinliklə də olsa, üzərək gəmiyə dön-məyi bacarmışlar”. Bu hekayə qədim mənbələrdə geniş yayılmış, xatırladaq ki, bu, heç də portuqallardan götürülməmişdir.

Xəritənin aşağı hissələrinə diqqət yetirəndə isə iki qəribə canlı təsvirinə rast gəlirik. Zənnimizcə, Piri Rəis burada adamlardan eşitdiyi məlumatları çatdırmışdır. Qeyddə belə yazılıb: “Bu ölkənin dağlarında çoxlu canavarlar olur, dəniz kənarında insanlar yaşayırmış. Burada qızıl mədən-lərinin isə sayı hesabı yox idi”.

Daha sonra Cənubi Amerika-nın mərkəzi hissələrində, bugünkü Braziliyanın dağlıq ərazilərinin üzərində iki qəribə təsvirli heyvana rast gəlirik. Bunlardan biri qoşa buynuzlu, yuxarı doğru baxan, iti dişli bir varlıq, digəri isə tək buynuzlu əfsanəvi bir öküzdür. Haşiyə qey-dində bu şəkildə görünən tək buynuzlu öküzlərdən və canavarlardan bəhs olunub.

Xəritənin digər yerlərində yenə başqa canlılar görünür. Lakin ən diqqət çəkəni bir insanabənzər məxluqdur. Başı gövdəsi üstə, saçları qırmızı rəngdə olan bu qəribə varlıq dağlıq bölgədəki bir zirvədə təsvir olunub. Bu məxluq verilən məlumata görə, cini və ya şeytanı təmsil edir. Bəzilərinə görə isə, onun başındakı qırmızı saçlar əslində alovdur. Yanında da başqa bir vəhşi heyvan təsvir edilmişdir. Diqqət et-səniz, hər ikisinin də əlində nəsə var. Biri yeməyi, digəri isə həmin yerə xas bir bitki növünü əlində tuturmuş kimi görünür. Bu təsvirə aid qeydə diqqət yetirək: “Bu məxluqun yeddi qarış boyu var. Gözlərinin arası bir qarışdır, amma itaətkar və zərərsizdir”. Qeydin sonundakı “zərərsizdir” sözün-dən də anladığımız kimi, Rəis burda da ona deyi-lənləri qeyd etmişdir. Bunu buradan belə anlaya bilərik: Xəritənin alt hissəsində iki heyvanın defor-masiyaya uğramış şəkli təsvir olunub. Qeyddə ya-zılmışdır: “Bu bölgədə vəhşi heyvanlar və altı buy-nuzlu öküzlər olarmış. Bunu portuqallar öz xəri-tələrində yazmışdılar”. Deməli, Piri bəzi yerlərdə həm eşitdiklərini, həm də başqa-sından öyrəndiklərini qələmə almışdır.

Daha bir sirli nüans isə, bu qəribə varlıqdan yuxarıda yer-ləşən qırmızı adadır. Adanın sirli olduğu iddia edilir. Çünkü reallıqda olmayan bir adadır bu. Piri Rəis həqiqətdə olmayan bu adanı niyə çəkmişdir?

Diqqətlə baxdıqda görürük ki, Piri Rəis xəritədə bəzi ada-ları rəngsiz, bəzilərini isə qırmızı rəngdə təsvir etmişdir. O, müəyyən yerlərə “üstəgəl” işarəsi, bəzilərinə isə kiçik qırmızı dairələr əlavə edib. Əslində  bunların hamısının xüsusi bir mə-nası var. Belə ki, xəritədə hələ kəşf edilməmiş, insanların ya-şamadığı adalar ağ rəngdə göstərilib. Piri Rəis qitənin kənarındakı qayalıq əraziləri göstərmək üçün “üstəgəl” işarəsindən istifadə etmişdir. Kənarlarda və haşiyələrdə qoyulmuş qırmızı nöqtələr isə qumlu sahələri ifadə edir. Məsələn, Dominik ada-larının kənarlarını qumlu sahə kimi göstərmişdir. Xəritənin mərkəzindəki qırmızı ada əslində insanların az yaşadığı, tam məskunlaşmanın olmadığı bir ərzidir. Rəis bu qırmızı ada haqqında belə yazmışdır: “Gəmi tufana düşüb bura gəldi və sahilə yan aldı. Kapitanın adı Nikola Kuan idi. Bu adada tək buynuzlu öküzlər yaşayırdı. Ona görə də bu adanı mal-qara adası adlandırırlarmış”. Onun solunda yerləşən başqa bir rənglənmiş ada haqqında isə “Bura yaşayış üçün əlverişsizdir” - qeydi yazılıb.

Bu adanı digərlərindən fərqləndirən onun rəngidir. Digər adaların rəngi zamanla solduğu üçün bu ada başqalarından seçilir. Bundan başqa, xəritədə bir çox qırmızı rəngli adaları da görmək mümkündür. Yəqin ki, bu ada da uzun illər dəniz sularının altında qalmış və ola bilər ki, Piri Rəis xəritəni hazırlandığı dövrün deyil, ondan çox əvvəlki dünyanın təsviri əsasında çəkmişdir. Rəis xəritənin bir hissəsində onun necə hazırlanması barədə də qeydlər yazmışdır: “Bu xəritə unikal bir xəritədir, bu həmin dövrdə heç kəsdə olmamış, ilk dəfə mənim tərəfimdən hazırlanmış və dünyanın coğrafi yerləşməsini özündə əks etdirir. Burada təxminəm iyirmiyə qədər xəritədən istifadə edilmişdir. Buraya ərəblərin “Cəfəriyyə” adlandırdıqları quru parçaları daxil olmaqla, İskəndər Zülqərneyn dövründə çəkilmiş səkkiz dünya xəritəsi də daxildir.”

Rəis başqa xəritələrdən də bəhs edir və bu xəritələr də bəzi məqamlarına görə böyük maraq doğurur. Bundan başqa, xatırladaq ki, hazırda dünya xəritəsində mövcud olmayan bu xəritədəki ada və bəzi bölgələr bəlkə də, o dövrün dünyasına aiddir.

Piri Rəis xəritəni çəkərkən müxtəlif mənbələrdən bəhrələndiyini dürüst qeyd etmişdir. Bildiyimiiz kimi, kartoqraflar istifadə etdikləri mənbələri çəkdikləri xəri-tələrdə göstərməzlər. Bir çox dünya xəritələrində buna rast gəlmək mümkün deyil. Bundan başqa, maraqlı odur ki, Piri Rəisin istinad edə biləcəyi xəritələrin heç birində onun xəritəsindəki incə detallar yoxdur. Hətta o zamana qədər Cənubi Amerika qitə-sinin dəqiq forması bilinmirdi, sadəcə cızmaqara şəklində təsvir olunmuş coğrafi konturlar var idi. Ən böyük müzakirə isə, Amerika qitəsinin Xristofor Kolumbun xəritəsinə əsaslanaraq çəkildiyi düşüncə ilə bağlıdır. Lakin bu günə qədər Xristofor Kolumba aid Amerikanı göstərən heç bir xəritə tapılmamışdır. Təbii ki, bu onun mövcud olmadığını göstərmir. Bəs Piri Rəis niyə xəritəni çəkərkən daima “Kolumbun xəritəsindən bəhrələndim” ifadəsini istifadə edirdi?

UNESCO-nun “Mədəni irsin daşıyıcısı” adını alan Fuat Başar xəritənin oriji-nallığı ilə bağlı şübhələrini ifadə etmişdir. O, Rəisin osmanlı türkcəsində yazdığı “Kitabül-Bəhriyyə” əsərində dünya xəritəsini təliq yazı xətti ilə, lakin Cənubi Ame-rikanın təsvir olunduğu hissədə nəsx xəttindən istifadə etdiyini aşkar etmişdir. Fuat Başar iddia edir ki, xəritədə Kolumbun, portuqal və ərəb xəritələrinə istinad edildiyi qeyd olunan hissə sonradan əlavə edilmişdir. O, həmçinin Piri Rəisin coğrafiya bilgisi və dənizçilik təcrübəsindən Avropalıların da bəhrələnməsi və özlərinə pay çıxarması üçün bu şəkildə dəyişdirildiyini qeyd edir. Yəni bir türk dənizçinin belə möhtəşəm bir xəritə hazırlaması bəzi şəxslər tərəfindən qəbul edilməmiş, xəritəyə ortaq olunmuş və onun digər mənbələrə baxaraq çəkildiyi təəssüratı yaradılmağa çalışılmışdır. Bu iddianı dəstəkləyən digər bir nüans isə, Piri Rəis xəritəsinin Topqapı sarayında nümayiş etdirilməməsidir. Nümayiş olunmamasının səbəbi kimi, xəritənin istidən, işıqdan və nəmdən qorunması üçün xüsusi şəraitdə saxlanılması göstərilir. Sadəcə müəyyən zamanlarda, fəsillərdə qısa müddət üçün nümayiş etdirilir.

Nəhayət, xəritənin orijinalı dörd əsr sonra, 1929-cu ildə tapılır və araşdırılmaq məqsədi ilə Amerikaya göndərilir. Verilən məlumata görə, həmin vaxtdan sonra, orijinalın yerinə bir nüsxə sonradan əlavə olunmuş bəzi qeydlərlə birlikdə geri qaytarılmışdır. Bu iddianın doğruluğunu sübut etmək üçün xəritə üzərində Mona Liza əsərindəki kimi geniş tədqiqat işi aparılmalıdır. Kim bilir, bəlkə də iddialar doğrudur; əlbəttə, bu, sistemli təhlillərdən sonra ortaya çıxacaq. Piri Rəis xəritəsinin itmiş parçaları aşkar edilərsə, bəlkə də neçə əsr öncəki dünyanın necə bir yer ol-duğunu öyrənmək mümkün olacaqdır.

Ədəbiyyat:

1.https://archive.org/details/gregory-c.-mc-intosh-the-piri-reis-map-of-1513/page/127/mode/2up

2. https://www.milliyet.com.tr/gundem/piri-reis-in-haritasina-ne-oldu-1648770

3.https://ttk.gov.tr/piri-reis-haritasi-hakkinda-izahname/


 

Qeyd: Bu məqalə Politicon yazı müsabiqəsi çərçivəsində hazırlanmışdır.

  • ETİKETLƏR :

DİGƏR YAZILAR