Politicon.co

Rus-Türk müharibələrindən kənarda: “içəri xalq”ın Osmanlı seçimi

Rus-Türk müharibələrindən kənarda: “içəri xalq”ın Osmanlı seçimi

Rusiya imperiya halına gəldikcə, onun ekspansiya yolunda duran Osmanlı dövlətinə düşmən kimi baxmağa başladı. Ancaq çarların hakimiyyətinə qarşı çıxan "içəri xalq”ın üsyançıları Osmanlı dövlətinə açıq rəğbətlə yanaşırdılar və onu özlərinə müttəfiq görürdülər.

Rürikoviçlər nəslindən olan  hökmdarların Staromoskovsk (Köhnə Moskva) adlandırıla bilən ilk Rusiya dövləti Osmanlı dövlətinin güclü mədəni və intellektual təsiri altında idi və bütün maneələrə baxmayaraq, onunla düşmənçilik deyil, əməkdaşlığa can atırdı.

Lakin, “Smuta” deyilən qarışıqlıq zamanı, eləcə də ondan əvvəlki - boyar və kilsə dairələri (IV İvan, yəni İvan Qroznı onlara qarşı mübarizə aparırdı) tərəfindən Rurikoviç nəslinin hakimiyyətinin ələ keçirilməsi ilə başlamış dövrdə, Staromoskovsk hakimiyyəti öz mövcudluğunu itirir. “Smuta”  özü mahiyyət etibarı ilə vətəndaş müharibəsi idi və onun iştirakçıları hədəflərinə çatmaq üçün xarici qüvvələrin dəstəyindən istifadə edirdilər.

Rəsmi tarixşünaslıqda bu hadisələrin nəticəsi hesab edilən yeni Romanovlar sülaləsinin 1613-cü ildə hakimiyyətə gəlməsi, əsasən, Polşaya qarşı milli azadlıq hərəkatının qələbəsi kimi təqdim edilir. Ancaq daha yaxından araşdırdıqda, hər şeyin o qədər də sadə olmadığı ortaya çıxır. Bu sülalənin ilk faktiki hökmdarı və onun qurucusu olan Fyodor (Filaret)  “Smuta” dövründə polyaklarla qarşılıqlı əlaqələr qurmuş, hətta Polşa şahzadəsi Vladislavın yeni rus çarı seçilməsini də dəstəkləmişdi.

Eyni zamanda, Filaretin özü siyasi ambisiyaları olan patriarx, yəni klerikal birliyin nümayəndəsi idi. Həmin birliyə qarşı çar IV İvan mübarizə apararaq, bu yöndə hələ 1551-ci ildə keçirilən Stoqlavı (onun yekun sənədi yüz fəsildən ibarət olduğundan bu adı almışdı) kilsə kafedralının qərarlarını qəbul etmişdi. Buna görə də yeni sülalənin hakimiyyəti gücləndikdən sonra Stoqlavı kafedralının əsas qərarları 1667-ci ildə ləğv edilmişdi.

Romanovlar dövründə yaranan Novomoskovsk (Yeni Moskva) dövlətinin həm daxili, həm də xarici siyasəti bir çox cəhətdən Staromoskovsk dövlətinin siyasətindən xeyli fərqlənirdi. Daxili siyasətdə milli nümayəndəli orqanların - Zemski kafedrallarının fəaliyyətləri tədricən yox edilir, kəndlilərin təhkimçi halına salınması tamamlanır və Staromoskovsk pravoslavlığına (qədim pravoslavlığa) sadiq qalanların təqibinə başlanılır. Xarici siyasətdə Staromoskovsk dövlətinin müttəfiqləri və vassallarının - azad kazaklar, xidmətdə olan tatarlar, başqırd votçina sahiblərinin hüquqlarına qarşı təzyiqlər başlayır. 

Reç Pospolitanın tərkibində olan ərazilərə və əhalisinə inamsız münasibət sonda onların zəbt olunması kursuna yönəlir və bütün bu proseslər nəticəsində Moskva dövləti əvəzinə, paytaxtı Amsterdam nümünəsilə inşa edilmiş Sankt-Peterburq olan Rusiya imperiyası yaranır. Bu imperiya ilk növbədə Qərbə və Cənuba yönəlmiş kəskin ekspansiv siyasətilə seçilirdi. Bununla da Rusiya və Osmanlı imperiyalarının süqutuna qədər mütamadi olaraq davam edən rus-osmanlı müharibələri dövrü başlayır.

Rusiyanın belə bir kəskin daxili və xarici siyasət transformasiyası Staromoskovski dövləti ilə köklü bağlılıqları olan, "içəri xalq" adlandırıla biləcək insanların şiddətli müqaviməti ilə qarşılaşır. Bu "içəri xalq”ın yerli tiranlara qarşı mübarizəsində hansı xarici qüvvəyə ümid etdikləri maraqlıdır. Amma, hər şey ardıcıllıqla.

Romanovların hakimiyyətə gəlməsi ilə nəticələnən XVII əsrin, rus tarixşünaslığında özünəməxsus adı var - Üsyan əsri. Əslində bu müddət tam əsaslı olaraq, növbəti XVIII əsrin sonuna qədər genişləndirilə bilər. Belə ki, 1773-1775-ci illərdə bu hadisələrin kulminasiyası olan Yemelyan Puqaçov və Salavat Yulayevin rəhbərliyi altında Rusiya xalqlarının birləşmiş çoxmillətli və çoxsinifli qüvvələrinin qiyamı baş vermişdir.

Bundan əvvəl də Moskva əhalisinin boyar oliqarxiyasına qarşı qiyamı, I Pyotr tərəfindən yad qaydaların tətbiq edilməsinə qarşı Moskva oxçularının (streltsı) qiyamı və azadlıqlarına təzyiq göstərən hakimiyyətdən narazı olan kazakların üsyanı baş verirdi. Bütün bu hadisələrdə Moskvanın qədim pravoslavlarının sıxışdırılmış ardıcılları fəal iştirak edir, lakin paralel olaraq müsəlman qiyamları da baş verirdi. XVII əsrin sonunda başqırdlar yeni hökumət tərəfindən öz hüquqlarının tapdalamasına və onların IV İvanla Rusiya dövlətinin süzerinitetinin qəbul edilməsi haqqında razılaşmanın şərtlərininin pozulmasına qarşı dəfələrlə çıxışlar etmişdirlər. XVIII əsrin ortalarında isə islam ardıcıllarının dini cəhətdən sıxışdırılmasına görə İmam Batırşanın rəhbərliyi altında ümummüsəlman üsyanı baş vermişdi.

Bununla yanaşı, bu iki istiqamət - bir tərəfdən qədim pravoslav və rus, digər tərəfdən isə müsəlman və türk, bir-birindən heç də həmişə ciddi şəkildə ayrılmırdı. Əgər yeni yuxarı təbəqələrin - Novomoskovsk dövləti və Rusiya imperiyasının siyasəti ruslar və pravoslavları müsəlmanlara qarşı qoyurdusa, əksinə aşağı təbəqə arasında bəzən gözlənilməz qarşılıqlı əlaqələr yaranırdı.

Belə ki, Rus dövlətinə xidmət edən tatar zadəganları, Rurikoviçlərin onlara verdikləri mülkləri və kəndliləri qoruyub saxlamaq üçün Romanovların hakimiyyətinin bərqərar olunmasından sonra vəftiz olunmalı idilər, çünki 1628-ci ildə müsəlmanların pravoslav kəndlilərinə, 1649-cu ildən sonra isə torpaq sahələrinə sahib olmaları qadağan edilmişdi. Qəribədir ki,  Romanovlar dövründə müsəlman zadəganlarının “şəraitə uyğunlaşan” hissəsi vəftiz olunur, təhkimçilikdən qaçan rus kəndlilərinin bir hissəsi isə, əksinə, islamı qəbul edirdi. Bunu təkcə çoxsaylı faktlar deyil, həm də bu proseslərin qarşısını almaq üçün qəbul olunan repressiv qanunlar da sübut edir.

Beləliklə, 1649-cu ilin Kafedral Qanununda deyilirdi ki, əgər hər hansı müsəlman bir rusu hər hansı tədbirlə, güclə və ya yalanla müsəlman imanına döndərərsə, həmin müsəlmanı edam etmək, mərhəmət göstərmədən onu od-alovda yandırmaq lazımdır. XIX əsrdə yaşamış rus tarixçisi N.Firsov yazırdı ki, Böyük Pyotrun dövründə vergi verən əhalinin, o cümlədən digər dinlərə mənsub olanların üzərinə qoyulmuş yüklər onların başqırdların torpaqlarına köçünü daha da gücləndirdi və aralarında rus əhalisi də olan bu köçkünlər, əlbəttə ki, özləri ilə rus hakimiyyətinə qarşı xoşagəlməz hisslər aparırdılar.

Bu insanların sonrakı taleyi ilə bağlı, 1735-ci ildə İ.Kirilov və A.Rumyantsevin Ufa uyezdinin əhalisinin idarə edilməsinə dair xidməti məruzəsində qeyd olunurdu ki, müsəlman din xadimləri öz qanunlarını yayıb yeridir, tək çuvaş və mordovalıları deyil, həm də rus köçkünlərini sünnət edirdilər. Bu hadisələrin yayılmasını başqırd tarixçisi Əhməd Zəki Vəlidi də təsdiqləmişdir: “Aramızda dükançı və ya dəmirçi kimi məskunlaşan ruslar dilimizi çox tez öyrənirdilər və onların övladları sonradan uzun müddət islamın təsiri altında qalırdılar, digərləri isə, Rusiya qanunvericiliyinin qadağalarına baxmayaraq, tamamilə islama keçirdilər".

Bundan başqa, mədəni konvergensiya da baş verirdi - məsələn, kazak atamanı və antiimperiya üsyanlarından birinin lideri Stepan Razin tatar və kalmık dillərini bilirdi. Bu da, millətlərarası qarşılıqlı əlaqə zonasında həmin xalqların sıx əlaqələri və onların nümayəndələri arasındakı heç də nadir olmayan qarışıq nikahları nəzərə alaraq, o dövr üçün yayılmış bir hadisə idi. Orta Rusiyanın demək olar ki, bütün xalqlarının və konfessiyalarının iştirak etdiyi Puqaçov və Yulayev üsyanında isə bu axınlar bir-birinə qarışdı.

Yuxarıda deyilənlərin hamısını nəzərə alsaq, bu dövrdə “içəri xalq”ın qiyamlarının geosiyasi yönümlü olması da təəccüb doğurmamalıdır. Puşkin, "Puqaçov üsyanının tarixi"ndə, eyniadlı hadisənin erkən mərhələsindəki inkişafını təsvir edərək, yazırdı: "İlk məsələ, Türkiyəyə qaçmaq idi: bu fikir əvvəlcədən bütün narazı kazaklar üçün ümumi idi. Məlumdur ki, Anna İvanovnanın hakimiyyəti dövründə İqnatiy Nekrasov həmin fikri hərəkətə gətirməyi bacarmış və bir çox Don kazaklarını özünə tərəf çəkməyə nail olmuşdur. Onların nəsilləri, hələ də, onlara yad olan vətəndə keçmiş vətənlərinin dini inancını, dilini və adətlərini qorumaqla, türk bölgələrində yaşayırlar. Onlar son türk müharibəsi zamanı bizə qarşı var qüçü ilə vuruşurdular."

Bu kazak-nekrasovçuların qədim pravoslav dininin qorunmasına zəmanət verən Osmanlı dövlətində sığınacaq tapması tarixi məlumdur. Ancaq vurğulamaq lazımdır ki, nekrasovçular, adətən  bir çox mənbələrdə təqdim olunduğu kimi, hər hansısa “sekta” deyil, ataman Kondratiy Bulavinin üsyançılarının Osmanlı dövlətinə köçməklə sağ qalan bir hissəsi idilər və onları cəzalandırmaq məqsədi ilə ələ keçirmək üçün imperiya hakimiyyəti uğursuz cəhdlər göstərirdi.

Puqaçov qiyamını təsvir edən Puşkin yazırdı ki, “içəri xalq”ın narazı qüvvələri öz ümidlərini Osmanlı dövlətinə bağlayırdılar və yalnız kazaklar deyil, Türkiyə tərəfindən “oyadılan” Kubanətrafı xalqlar da hərəkətə keçirdilər.

Demək olar ki, Türkiyə, daha doğrusu Osmanlı dövləti, öz mövcudluğu faktı və təqib olunan ruslara sığınacaq verməyə hazır olması ilə Rusiya imperiyasının narazı xalqlarını və qruplarını “oyadırdı”. Bununla bağlı, Puşkin qeyd edir: “Avropada Puqaçovu türk siyasətinin bir aləti kimi qəbul edirdilər və Volter bu haqda Yekaterinaya yazmışdır”. Lakin, daha sonra yazdığı kimi, imperatriça, Volterin “türk gizli sövdələşməsi” fərziyyəsini rədd etmiş, türkofob filosofa Puqaçovun müstəqil şəxsiyyət olduğunu və onun “öz oyununu oynadığı”nı bildirmişdi. Buna baxmayaraq, Puqaçov qiyamında bir "türk izi" ideyası, qiyamın lideri haqqında yazan Puşkini sakit buraxmırdı: “Puqaçov Don ərazisində uzun türk köynəyində gəzərdi”. Halbuki, bu heç də təəccüblü deyildi - Staromoskovski dövlətinin mədəniyyəti Osmanlı mədəniyyətinin güclü təsiri altında idi. Beləliklə, ənənələrə sadiq olan "içəri xalq" üçün, Sankt-Peterburq zadəganlarının geyimlərindən fərqli olaraq, o zaman türk köynəkləri “doğma” hesab olunurdu.

Puqaçov üsyançıları tərəfindən məhv olmaqla hədələnən bu qərbləşmiş zadəganlığın nümayəndəsi olan Puşkin "rus qiyamı"nı "mənasız və amansız" kimi təqdim etməyə çalışırdı. Nəzərə alsaq ki, tərəflər mahiyyətcə növbəti vətəndaş müharibəsi olan bu müharibəni bir-birlərini məhv etmək üçün aparırdılar, bu qiyam həqiqətən də amansız idi. Lakin, onun mənasız olduğunu heç cür demək olmaz – bu qiyam zamanı öz hüquqlarından və onları sülh yolu ilə geri qaytarmaq imkanlarından məhrum olan Şimali Avrasiyanın yerli xalqları, dini və sosial qrupları mədəni cəhətdən yad və əslində müstəmləkəçi olan hökumət və elitaya qarşı silahlı mübarizəyə qalxmışdılar. Onlar öz hüquqları uğrunda mübarizə apararkən ideal olaraq anarxiyanı deyil, “əsl çar"ın ədalətli hakimiyyətini görürdülər. Rurikoviçlər nəsli hakimiyyətdən salındıqdan sonra "yalançı çarların" ortaya çıxması bu insanların “əsl çar” arzusunda olduqlarını göstərirdi. 

Beləliklə, Rusiya imperiyasının yeni rəhbərləri və sadiq təbəələri, onların ekspansiyası yolunda duran Osmanlı dövlətini özlərinə barışmaz düşmən görürdülər. Ancaq onlarla mübarizə aparan "içəri xalq”ın üsyançıları Osmanlı dövlətinə açıq rəğbətlə yanaşırdılar və onu özlərinə müttəfiq sayırdılar.

Müəllif:               Vadim Sidorov, etno- və geo- siyasət problemləri üzrə ekspert
Tərcümə etdi:    Rəhim Məmmədov

 

QEYD
Yazı bu səhifədə yerləşdirilmiş məqalənin Azərbaycan dilinə tərcüməsidir. 

  • ETİKETLƏR :

DİGƏR YAZILAR